Azərbaycanda YOD qıtlığı yarandı – SƏBƏB?

Azərbaycanda YOD qıtlığı yarandı – SƏBƏB?

Hazırda oxunan: Azərbaycanda YOD qıtlığı yarandı – SƏBƏB?

98452

Ölkəmizdə ciddi yod qıtlığı yaşanır. Artıq neçə müddətdir ki, apteklərdə yod tapmaq mümkünsüzə çevrilib.

Əzcaçı Mehdi Yusifov Bizim.Media-ya açıqlamasında yod qıtlığının hər gün yaşandığını bildirdi: 
 

MÖVZU İLƏ BAĞLI:

Apteklərdə niyə yod tapılmır? - Səbəbi açıqlandı


“Topdansatış məntəqələrindən sutkada ən yaxşı halda 5-6 ədəd yod flakonu ala bilirik. Onu da heç vitrinə qoymağa imkan vermirlər. Gəlməmiş qurtarır. Vəziyyəti də vətəndaşlara izah edə bilmirik ki, bir zamanlar “su qiyməti”nə olan yod niyə yoxdur?! Qiymətinə gəldikdə isə bir balaca flakonda olan yod 40-50 qəpiyə satılır”.

Bəs, həm ölkəmizdə istehsal edilən, həm də xaricdən gətirilən yod niyə qəhətə çəkilib

Mütəxəssislərin fikrincə yod qıtlığının başlıca səbəbi Ukrayna-Rusiya müharibəsidir. Çünki, son vaxtlar belə söhbətlər gəzir ki, Rusiya bu müharibədə gec-tez nüvə silahına əl atacaq. Bu xəbərlərdən təşvişə düşən avropalılar artıq neçə müddətdir ki, nüvə bombasının yayacağı radiasiyadan qorunmaq üçün müxtəlif vasitələrə əl atırlar. Həyəcanlanmış kütlə apteklərdəki bütün yod materiallarını alır, bəzi avropalılarsa hətta əleyhiqazlar da tədarük edirlər. 

Məhz bu səbəbdən Avropada yaşanan yod qıtlığı ölkəmizə də öz təsirini göstərib.

Tanınmış həkim Aydın Əliyev bu təşvişi yersiz hesab edir. Bizim.Media-yla söhbətində bildirdi ki, nüvə silahının istifadəsi zamanı ionlaşdırılmış şüaların yaranması baş verir. 

“İonlaşdırılmış şüalar da ən qorxulu bioloji silahdır. Təəssüf ki, nüvə silahında da bu xüsusiyyət var. Şüalanma zamanı orqanizmdə müxtəlif qorxulu dəyişikliklər baş verir. Malekullar arasındakı əlaqələrdə qırılır, sərbəst radikallar əmələ gələ bilir. Nəticədə, orqanizmdə ciddi fəsadlar yaranır. Bu da orqanizmdə genetik dəyişikliklərdən, mutasiyalardan tutmuş xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Radiasiyaların yayılması zamanı yoddan daha çox tərkibində doymamış rabitələr olan məhsullardan istifadə etmək lazımdır. Radiasiyanın qarşısını ən yaxşı zeytun yağı və təbii süd alır. Hansı ki, bunların tərkibində doymamış rabitələr var. Onlar orqanizmdə olan radiasiyanın yükünü müəyyən qədər azaldır”.

Aydın Əliyev təşvişə heç bir əsas görmür:

“İndiki halda təşvişə heç bir əsas yoxdur. Çünki, hələlik nüvə müharibəsi yoxdur. Əgər olarsa onda radiasiyaya nəzarət edən dövlət qurumları var. Onlar radiasiya yükünün artacağı təqdirdə dedektorlar vasitəsi ilə bunu təyin edib əhaliyə yəqin ki, məlumat verəcəklər. Yenə deyirəm, indiki halda təşvişə və narahatçılığa heç bir əsas yoxdur”.

Nəzərə alaq ki, əhalinin yoda olan ehtiyacı əsasən yerli istehsal hesabına ödənilir. Neftçala yod-brom zavodu uzun illərdir ki, fəaliyyət göstərir. 170 nəfər işçinin çalışdığı müəssisədə 2 əsas və 3 köməkçi sex mövcuddur. Hazırda istismara yararlı 100 quyunun 70-i istifadə olunur.
Gün ərzində bu quyulardan 25 min kubmetr yod-bromlu su hasil edilir. Nəzərə alaq ki, 26 min kubmetr yod-bromlu sudan isə 1 ton yod alınır. Məhsul istehsalını artırmaq üçün yeni bir istehsal sahəsinin yaradılması da planlaşdırılıb. Bu sahə işə salındıqdan sonra zavodda məhsul istehsalını 2 dəfə artırmaq mümkün olacaq. 

Qeyd edək ki, Neftçaladakı yod zavodu məhsulun keyfiyyətinə görə MDB ölkələri arasında birinci, yod rezervləri üzrə isə dünyada üçüncüdür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO