Həyatda demək olar ki, hər gün getdiyimiz, günümüzün bütün hissəsini orada keçirdiyimiz iş yerlərində heç kim bədbəxt hadisələrdən sığortalanmayıb. İş yerlərində, tikinti, istehsalat müəssisələrində baş verən qəzalarda hər il yüzlərlə insan xəsarət alaraq həyatını itirir. Bəzi vaxt iş stresinin çoxluğu, depressiv fonun yüksəkliyi də insanların həyatının sonlanmasına səbəb olur. Əsas səbəb isə...
“Son vaxtlar baş verən istehsalat qəzalarının məhz insanların bu qaydalardan xəbərdar olmaması, iş yerlərində işəgötürənlərin işçiyə bütün mənalarda biganə yanaşması ilə bağlıdır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.
Onun sözlərinə görə, həyati təhlükə riski böyük olan iş sahələrindən ən əsası tikinti sektorudur:
“Ümumi istehsalatda baş verən qəzaların böyük faizi məhz elə tikinti sektorunun payına düşür. Buna görə də sözügedən sahədə çalışan şəxslər mütləq qaydada texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi, yanğınla bağlı təhlükəsizlik qaydalarına, sanitar təhlükəsizlik normalarına mütləq riayət etməlidirlər.
Nəzərə almaq lazımdır ki, tikintidə istifadə olunan məhsullar, avadanlıqlar, kimyəvi tərkibli materiallar, ağır tonnajlı nəqliyyat vasitələri, yük qaldırıcı kranlar, qurğular, mexanizmlər və digərləri işçilərin həyat və sağlamlığı üçün təhlükə riskdir. Yuxarıda sadaladığımız təhlükəsizlik tədbirlərinin hər hansı biri gözardına vurularsa, bədbəxt hadisə ilə nəticələnə bilər”.
Ekspertin sözlərinə görə, qəzalar baş verərkən işçilərin psixoloji durumunun, ilk tibbi yardım qaydalarını bilməməsi səbəbindən qəza zamanı alınan xəsarət daha da dərinləşir:
“Ona görə iş yerlərində həm işçilərin, həm də mühafizəçilərin mühafizə qaydaları haqqında məlumatlarının olması baş verə biləcək qəzaların qarşısını almağa kömək edər, eləcə də bu, qəzadan sonra dəyə biləcək maddi və mənəvi ziyanı azalda bilər.
Ona görə də mütləq ki, işə başlamamışdan qabaq işçilərə təlimat verilməlidir. Ancaq çox təəssüflər olsun ki, bugünkü gündə bir çox iş yerlərində buna biganə yanaşılır, təhlükəsizlik qaydalarına ciddi yanaşılmır”, - deyə qeyd edən E.Nurəliyev işverənlərin qanunla işçinin təhlükəsizliyini təmin etməyə borclu olduğunu diqqətə çatdırıb.
Bundan başqa iş yerlərində müxtəlif ürəktutmaları, depressiv fonun çoxluğundan da insanlar həyatını itrir. Amma qanunvericilikdə bunu tənzimləyən hər hansı maddə yoxdur. Əmək üzrə ekspertlərin düşüncəsinə görə, bu istiqamətdə də müəyyən fəaliyyət qurulmalıdır. Çox stresli işlərdə çalışanların iş saatları, iş günləri və istirahəti soğru hesablanmalıdır. Onların müəssislərdə məqsədyönlü şəkildə pisikləndirilməsi və hüquqların tapdanması da nəzarətə götürülməkidir.
Səkinə Yusibli, Bizim.Media