Bu gün Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş olacaq.
Nəzərə alaq ki, Türkiyə Prezidentinin Ermənistan rəhbəri ilə bu ilk görüşüdür. Bu görüş bir çox məqamları ilə böyük maraq kəsb edir. Əgər bu görüş uğurlu keçərsə və konkret nəticələr olarsa onda regionda xeyli müsbət dəyişikliklər baş verə bilər.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanda revanşist qüvvələr var, hər şeyə hazır olmalıyıq” - Fərid Şəfiyev
Birincisi, Türkiyə-Ermənistan münasibətləri yeni müstəvidə inkişaf edər. 30 il bağlı qalan sərhədlər açıla bilər.
İkincisi, bu danışıqlar uğurlu alınarsa Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması sürətlənər.
Üçüncüsü, Zəngəzur dəhlizinin açılması üçün zəruri qərarlar qəbul edilə bilər. Bu dəhlizin açılması isə region dövlətləri və o cümlədən, Ermənistan üçün yeni iqtisadi imkanlar yaradar. Çox güman ki, təkbətək görüşdə bu reallıqları Türkiyə Prezidenti erməni baş nazirə başa salacaq.
Maraqlıdır ki, bu görüşə Rusiya da isti baxır. Məsələn, TASS Rusiyanın diplomatik mənbələrinə istinadən yaydığı məlumatda deyilir ki, Ankara tərəflərin ilk görüşünün iki dövlət arasında münasibətlərin yaxşılaşmasına xidmət edəcəyini və Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması prosesinə başlaya biləcəyini istisna etmir.
Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər.
“Üzbəüz görüşlər telefon əlaqəsindən daha məhsuldardır. Bunu tam olaraq Ərdoğanla Paşinyan arasında gələcək danışıqlara aid etmək olar”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bizim.Media-ya açıqlamsında görüşlə bağlı bunları deyib.
“İki lider arasında bu ilk görüşdür. Düzü bu görüşdən böyük gözləntilərim yoxdur. Amma, bütün hallarda müsbət hadisədir. Çünki, bizim də gündəliyimiz sülh sazişidir.
Əgər Ermənistanla Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə cərəyan etsə Ermənistanla Türkiyə arasında da münasibətlər normallaşa bilər. Məlum olduğu kimi biz Türkiyə ilə razılaşmışıq ki, bütün danışıqlarda bu ideya paralel olaraq keçəcək.
Ona görə də hər şey Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinə bağlıdır. Bu görüşdə də əsas müzakirə mövzusu bu olacaq. Amma konkret hansı nəticələr əldə olunacaq, onu demək çətindir”.
Surxay Atakişiyev, Bizim.Media