Təsvirin ən məşhur formalarını özündə cəmləşdirən fotoqrafiya sənəti insan həyatının mərkəzində dayanıb desək, heç də yanılmarıq.
Maraqlıdır anı əbədiləşdirən, ən xoş günlərimizi xatirəyə çevirən bu məşhur sənətin sahibləri öz peşələrinin incəliklərinə bələddirlərmi?
Təsviri sənətin bu növünə olan axının artması həvəskarların bir foto aparat alaraq asanlıqla şəkil çəkə bilməsindən, yoxsa işsizliklə üzləşənlərin özlərinə daha asan qazanc yolu seçmək istəməsindən irəli gəlir?
Bu gün foto sənətimizdəki qarışıqlıq fonunda yaranmış suallarımıza cavab tapmaq üçün işin peşəkarlarına üz tutduq.
Məşhur fotoqraflarımızdan Mirnaib Həsənoğlu bunu günümüzə Fotoqrafiya sənətinin daha əlçatan olması ilə əlaqələndirib:
"Müasir gənclərimizin bir çoxu kompyuter texnologiyalarını yaxşı bildiyi üçün fotoqrafiya ilə məşqul olmaq onlar üçün daha asandır. Bu gün peşə tapan və tapmayan, həmçinin həvəsi olan və olmayan insanların hamısı fotoqrafiyaya gəlir. İnsan bütün həyatını fotoqrafiya ilə təmin edirsə, yalnız bu işlə məşqul olarkən rahatlıq tapırsa, deməli o, peşəkar fotoqrafdır. İnsan da var ki, özünü heç harada tapa bilmir və ötəri həvəs üçün fotoqrafiayaya gəlir. 1894-cü ildə “Bakı Fotoqrafiya Dərnəyi”-də başqa sənət sahiblərinin fotoqrafiyada çalışmaması ilə bağlı məsələ qaldırılıb, lakin o zaman da mövzu taməmən öz həllini tapmayıb. Əgər fotoqraf VÖEN açıb qeydiyyatdan keçirsə, bu onun lisenziyasıdır və o, fotoqraf kimi fəaliyyət göstərə bilər".
Azərbaycan Fotoqraflar Birliyinin sədri Rauf Umudov isə hazırda bu sahəyə olan axın insanların fotoqrafiyaya olan sevgisindən irəli gəlməsi qənaətindədir:
"İndi fotoqrafiya ilə məşqul olmaq əvvəlkindən xeyli asan başa gəlir, çünki əvvəl plyonkanın alınması və aşkarlanma kimi məsələlərə indi ehtiyac qalmır”.
Rauf Umudov qeyd edib ki, proffiissional fotoqraf ilk öncə sənətdə özünü doğrultmağı bacarmalıdır. Əsl fotoqrafın ilk öncə gözəl estetik və musiqi zövqü olmalıdır. Ən əsası təsviri sənətdən xəbəri olmalıdır. Həmçinin işıq kölgə effektləri ilə də müəyyən qədər işləməyi bacarmalıdır.
Fotostudiyaların sayının günbəgün artmasına da toxunan ekspert, hazırkı fotoqrafların çoxunda profissionallığın hiss olunmadığını qeyd edib:
"Studiyada çalışan foroqraf insan psixologiyası və müxtəlif yaş kateqoriyasında olan insanlarla işləməyə bələd olmalıdır. Bir növ motivatsiya və insanlarla ünsiyyət bacarığı olmalıdır. Profissionallar söylədiyim xüsusiyyətlərə bələd olduqları üçün uzun müddət fəaliyyət göstərirlər. Qeyri-proffissionallar isə bir müddət sonra məcburən dayanırlar.
Çoxu da sənətin özəlliklərindən xəbərsiz olaraq işə başladığı üçün ilk başlarda bu sahə onlara asan görünür. Dərinliyinə vara bilmədikcə isə qazancları azalır və yavaş-yavaş sənətdən uzaqlaşmağa başlayırlar. İndi şəkil çəkmək çox asanlaşdığı üçün insanların əksəriyyəti foto studiyaları tanımırlar. Hərə öz telefonu ilə şəkil çəkir, lakin bu şəkli çıxarmağa ehtiyac duymur. Əslində isə foto anın ömrünü uzatmaq, əbədiləşdirmək üçün çəkilir”.
Leyla Şah, Bizim.Media