İş və dərs saatlarının VAXTI dəyişdirilsin – Bakının tıxaclarından ÇIXIŞ YOLLARI

İş və dərs saatlarının VAXTI dəyişdirilsin – Bakının tıxaclarından ÇIXIŞ YOLLARI

Hazırda oxunan: İş və dərs saatlarının VAXTI dəyişdirilsin – Bakının tıxaclarından ÇIXIŞ YOLLARI

95802

Yeni tədris ilinin başlaması paytaxtın nəqliyyat infrastrukturundakı problemləri bir daha qabartdı. Əhali tıxacdan yenə əziyyət çəkir. Aparılan müşahidələr göstərir ki, pik saatlarında paytaxtakı 80-100 marşrut üzrə avtobuslar bir qayda olaraq qrafikdən geri qalır. Metroda ciddi sıxlıq yaranır. Paytaxtın əksər küçə və prospektləri saat 10-11 radələrinə qədər tıxacdan keçilməz olur. Eləcə də, axşam saatlarında anoloji hadisə təkrarlanır.  

Paytaxtdakı tıxac məsələsi zaman-zaman gündəmə gəlsə də çox təəssüf ki, problemin həlli istiqamətində heç bir addım atılmayıb. Əksinə tıxacların miqyası ilbəil artır. 

Bizim.Media paytaxtda tıxacı yaradan səbəblərlə və onun beynəlxalq praktikaya əsaslanan həlli yolları ilə bağlı araşdırma aparıb. Bəlli olub ki, tıxacların yaranmasının əsas səbəbi dərslərin və iş saatlarının eyni vaxtda başlamasıdır.Bunu rəqəmlərin dili ilə daha asan izah etmək olur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı şəhərində tıxacların 3 SƏBƏBİ: “Adam var evini satıb, 20-30 “Prius” alıb, buraxıb xəttə...”


1. Bakı şəhərində ümumilikdə 317 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 411 min şagird təhsil alır. Bu məktəblərin 70 faizi şəhərin mərkəzi hissəsində yerləşir. Və bütün orta məktəblərdə dərs səhər saat 8:00-da başlayır.

Ən əsası əksər məktəblərdə dərslər bir növbəli keçirilir. Bundan əlavə, hər orta məktəbin ən azı 100 nəfərdən yuxarı pedaqoji heyəti var. Hələ peşə, musiqi məktəblərini və baxçaları demirik. Nəzərə alaq ki, son illər məktəblərin maddi-texniki bazası gücləndirilib.
İmkan var ki, məktəblər 2 növbəli tədrisə keçsin. Və yaxud dərs saatları sürüşdürülsün. Yəni planlı şəkildə bəzi məktəblərdə dərs saatını bir-iki saat geri çəkmək mümkündür. Nəticədə, şəhərdə eyni vaxtda yarım milyondan artıq insanın hərəkətini azaltmaq olar.

2. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda 199 min tələbə təhsil alır.

Həmin təhsil müəssisələrində minlərlə insan çalışır. Nəzərə alaq ki, tələbələrin və və pedaqoji heyətin də 80 faizi Bakıdakı təhsil müəssisəsində oxuyur və təhsil alır. Və bütün ali və orta ixtisas məktəblərində dərs saatı 9:00-da başlayır.
Son 20 ildə əksər ali məktəblərin imkanı olub ki, öz tədris korpusunu paytaxtın kənarlarına köçürsün. Amma bu edilməyib. Halbuki, Lomonosov adına MDU-nun Bakı filialı və Bakı Mühəndislər Universiteti paytaxtın kənarında çox gözəl fəaliyyət göstərir.

3. Bir sıra dövlət qurumlarının şəhərin mərkəzində olması da problemin bir halqasıdır. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Melorasiya və Su təsərrüfatı ASC-nin, “Azərsu”, “Azərenerji”, “Azərişıq” ASC-lərin, “Azəriqaz” İB-nin və digər dövlət qurumlarının şəhərin mərkəzində fəaliyyət göstərməsi də tıxaclara əlavə rəvac verir.

Halbuki, bu qurumlar əsasən regionlarla işləyir. Yaxşı olar ki, bu qurumların bir qismi paytaxtdan kənara çıxarılsın.

4. Mərkəzi küçə və prospektlərdə yol kənarlarda avtoparklanmanın ləğvi. Avtoparklar məhəllələrə və yeraltı-yerüstü dayanacaqlara köçürülməlidir. Yol kənarlarındakı parklanmalar avtobusların normal hərəkətinə mane olur. Nəticədə, avtobuslar qrafikdən geri qalır.

5. Paytaxtın yerüstü nəqliyyat sistemi yenidən qurulmalıdır. Ən azından, bir zamanlar yarımçıq qalan “ağıllı şəhər” layihəsi yenidən inkişaf etdirilməlidir.

6. Yeni salınan yaşayış massivlərinə və obyektlərin tikintisinə nəzarət güclənməlidir. Yeni tikilən binalar bir çox hallarda hətta piyada səkilərini belə çıxır. Bu da həm piyadaların, həm də avtomobillərin hərəkətinə əngəl törədir.

Göründüyü kimi paytaxtda tıxac probleminin həll variantı yox deyil. Dünya praktikasında tıxacların qarşısını almaq üçün iş saatlarını və hətta iş günlərini dəyişdirirlər. Bəzi meqapolislərdə hətta avtomobillərin hərəkətinə də müəyyən qadağalar qoyulur.
Məsələn, tək nömrəli avtomobillər həftənin tək, cüt nömrəli avtomobillərsə cüt günlərində hərəkətinə icazə verilir.

Ona görə də həm beynəlxalq praktikanı, həm də mövcud reallıqları nəzərə alıb ən qısa zamanda hərəkətə keçilməlidir.

Əks təqdirdə yaxın illərdə paytaxtda tıxacların miqyası və müddəti dəhşətli dərəcədə böyüyəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO