Space Tv-nin direktoru: “Kanalın maliyyə problemlərini həll etmək üzrəyik” - MÜSAHİBƏ

Space Tv-nin direktoru: “Kanalın maliyyə problemlərini həll etmək üzrəyik” - MÜSAHİBƏ

Hazırda oxunan: Space Tv-nin direktoru: “Kanalın maliyyə problemlərini həll etmək üzrəyik” - MÜSAHİBƏ

95562

"Bir çox özəl kanallar kimi “Space” Tv də sırf reklam bazarına bağlı olan kanalıq. Bizi davamlı olaraq maliyyə ilə təmin edən əlavə bir mənbə yoxdur".

Bu sözləri Bizim.Media-ya verdiyi müsahibədə “Space” Tv-nin direktoru, Əməkdar İncəsənət xadimi Müşfiq Hətəmov söyləyib. 

- Müşfiq bəy, artıq bir il olar ki, “Space” Telradio Yayım Şirkətinə rəhbərlik edirsiniz. Kanalın iflasa doğru getdiyi bir vaxtda rəhbərliyə gəldiniz. Hazırda vəziyyət necədir?

- Mən Space şirkətinə rəhbərliyə gələndə  qarşımda öz həllini gözləyən üç əsas məsələ durmuşdu: Antiböhran addımları atmaq, texniki-maliyə problemlərin həll edilməsi və yeni layihələrin hazırlanması. Amma burada bəzi məsələlər də var ki, onları xatırlatmasam olmaz. Kanalın ümumi reytinqini qaldırmaqla yanaşı, kommersiya şirkəti olduğumuzu da unutmamalıyıq. İzləyici kütləmizin istəyinə uyğun olaraq bəzi arzu etmədiyimiz verlişləri də repertuara daxil edirik. Bu bir il ərzində çox riskli və ciddi addımlar atdıq. İndi məqsədlərimizlə bağlı ikinci mərhələyə qədəm qoymuşuq. Tamaşaçılarımız efirdə yeni formatda verlişlər izləyə biləcəklər. Maliyyə məsələlərimizi stabilləşdirəcəyik. “Space” kanalı hazırda öz ayaqları üzərində dura bilir. İnanıram ki, izləyicilərimiz qarşılarında onların dəyərlərini yüksək tutan yeni proqramlarımızdan dolayı sevinəcəklər.

Bu gün tarixdə ilk dəfədir ki, Azərbaycanda televiziyalar bu qədər çoxdur və onlar arasında keyfiyyət uğrunda rəqabət başlayıb. Bu məni çox sevindirir. Çalışacayıq ki, bu rəqabətdə özümüzü təsdiq edək, çünki qarşımızda çox böyük rəqiblərimiz var. Kanalın formatının dəyişməsi məsələsi də planlarımız arasındadır. Həmçinin “Space” çalışacaq ki, beynəlxalq platformalara da çıxsın. Bu gün 21-ci əsrin əsas tələbi rəqəmsallaşma və audiovizual təsir imkanıdır. Bu hətta kitabları da, mətbuatı da üstələyir. Biz bunu nəzərə alaraq mütəmadi məsləhətləşmələr aparırıq və audiovizual siyasətimizi daha düzgün şəkildə qurmağa çalışırıq. 

- Rəqiblərinizdən və rəqabətdən danışdınız. Yüksək maliyyə mənbəyi olan kanallarla rəqabət aparmaq sizi qorxutmur ki?

-  Bizi davamlı olaraq maliyyə ilə təmin edən əlavə bir mənbə yoxdur. Hazırda sırf reklam bazarına bağlı olan kanalıq. Lakin mən inanıram ki, mümkün imkanlarımız daxilində də biz uğurlu işlər ortaya qoya biləcəyik. 

Bizim çox gözəl kollektivimiz var. Birlikdə bütün çətinlikləri arxada qoymaq üzrəyik. Uşaqlar gecə-gündüz çalışırlar ki, tezliklə kanalımızı ən baxımlı və yaradıcı bir istesalat sahəsinə çevirək. Bu əzimkarlıqlarına görə kollektivimə çox minnətdaram.

- Rəhbərliyə gəldiyiniz ilk vaxtlarda işçilərin maaşlarının gecikməsi kimi problemlər var idi. Bəs indi necə, problem həll olunubmu?

- Son bir ildə demək olar ki, kanalımızda belə bir problem qalmayıb. Bunu işçilərin özləri də təsdiqləyə bilər. Bu problem mən kanala rəhbər gəlməmişdən öncə olub. “Space” telekanalına rəhbərlik etdiyim ilk aylarda bu kimi məsələlər həll olundu. 

- Bəs hazırda “Space”-də işlə bağlı vakansiyalar varmı?

- Bununla bağlı müsabiqə elan etmişdik. Peşəkar simaları yenidən efirə qaytarırıq. Həmçinin yeni mövsümdə “Space”-in efirində bir çox gənc simaları da görə biləcəksiniz. 

- Telekanala rəhbərlik etdiyiniz müddət ərzində düşündüklərinizi həyata keçirə bildinizmi?

- Xeyir. Hələ ki, arzusunda olduğum işləri kanalda görə bilməmişik. Çünki bura gələrkən bütün əməyimi kanalın iş prinsipinin yenilənməsi və borcların qapadılmasına doğru yönəltmişdim. Lakin çox böyük ümidlərimiz var. Xəyalımızdakı tv-ni formalaşdırmaq üçün əmək və səylərimizi davam etdiririk. 

- Bu gün “Space” də daxil, demək olar ki, bütün kanallarımızda şou ilə bağlı verlişlər üstün yerdədir. Bu maliyyə priyomlarıdır, yoxsa arxasında başqa səbəblər dayanır?

- Bu sizin də qeyd etdiyiniz kimi maddiyyatla, həm də vaxtilə buraxılmış səhvlərlə bağlıdır. Azərbaycan tamaşaçısının böyük bir hissəsi hazırda Rusiya və Türkiyə Tv kanallarına baxır. Biz çalışıb həmin  kütlədə maraq yaradaraq öz kanalımıza kökləməyi bacarmalıyıq. Bu sahədə yeni yaranan milli reytinq şirkətimizi də vurğulamaq istərdim. İnanıram ki, onlar obyektiv olaraq qiymətləndirmə aparacaq və bu da kanallar arasındakı rəqabəti gücləndirəcək.

AzTv və İctimai Televiziyada hazırda çox ciddi layihələr həyata keçirilməkdədir. Məqsəd insanları daha çox tv-yə dəvət etməkdir. Bir məsələni də qeyd etmək istərdim ki, hazırda dünyada əsas izləyici kütləsi məhz sosial media üzərində cəmlənib və həmin izləyiciləri tv-yə cəlb etmək özlüyündə kifayət qədər zəhmət və kreativ yanaşma tələb edir. 

- Problemlərlə uğraşmaq sizi yormayıb ki?

- Çətinliklərlə baş etmək, mübarizə aparmaq mənim taleyimə yazılıb.(Gülür) Mən "Azərbaycanfilm" kinostudiyasına rəhbər təyin olunduğum zaman 7 filmin istehsalı yarımçıq dayanmışdı. Kinostudiya acınacaqlı vəziyyətdə idi. Ora rəhbərlik etdiyim 8 il ərzində mən 20-ə yaxın tam metrajlı, 30-a yaxın qısa metrajlı, 12 sənədli filmlərlə 120-ə yaxın gənc mütəxəssisi sınaqdan keçirdik. Mən "Azərbaycanfilm”dən ayrıldığım zaman artıq bu şirkət öz problemlərini həll etmişdi. Bu gün "Nabat", "Dolu", "Yarımçıq xatirələr” kimi filmlər də bir növ bizim iş prinsipimizin göstəriciləri sırasındadır. 

- Müsahibəmiz üçün son sual: “Space” Tv izləyicilərinə nə demək istərdiniz?

- Öncə bu illər ərzində kanalımızı izləyən bütün izləyicilərimizə təşəkkür edirəm. Hal-hazırda kanalda gördüyümüz bütün işlər,ən çətin anlarımızda göstərdiyimiz bütün mücadilələr məhz izləyiləricimizin məmnunluğu üçündür. Dəyərli  izləyicilərimizin tələb və təklifləri,o cümlədən də irad və tövsiyələri, şəxsən mənim və bütün kanalımızın diqqət mərkəzindədir. Deyərdim ki, kanalı dəyişmədən “Space” Tv-ə köklənsinlər. Tezliklə yeni proqramlarla evinizin qonağınız olacağıq.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO