Arayış satan “JEK”lər – Ləğv olunan bu qurumlar niyə İŞLƏYİR?

Arayış satan “JEK”lər – Ləğv olunan bu qurumlar niyə İŞLƏYİR?

Hazırda oxunan: Arayış satan “JEK”lər – Ləğv olunan bu qurumlar niyə İŞLƏYİR?

95412

“JEK” kimi tanınan Mənzil İstismar Sahələrinin ləğvi illərdir gündəmə gəlsə də, məsələ kökündən həll olunmur. “JEK”lərin qanunvericilikdə ləğvi nəzərdə tutulub. Amma bu qurum fəaliyyətini hələ də davam etdirir. Bir neçə il əvvəl qəbul edilən Mənzil Məcəlləsində “JEK” lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. 

Ölkə prezidentinin 2018-ci ilin 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.

Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu da yığa bilməzlər. Amma əksəriyyət “JEK”lər hələ də Sovet dövründən qalmış ənənəni davam etdirərək, mənzil idarəçiliyi ilə məşğul olurlar.
 

MÖVZU İLƏ BAĞLI:

“JEK”- bələdiyyə QARŞIDURMASI - Əmlak vergisini kimə verək? 


Həm mənzil pulu yığır, lift, zibil pulu alır və arayışlar verirlər. Üstəlik verdikləri arayışa 5-10 manat “əl haqqı” da tələb edirlər. Son vaxtlar bununla bağlı bəzi “JEK”lərdə sakinlərlə qurum əməkdaşları arasında narazılıqlar yaşanır. Sakinlər üçün həyati əhəmiyyəti vacib olan sənəd və arayışların verilməsində bilərəkdən problem yaşadılır. Əvəzində mənzil, lift və ya məişət tullantılarına görə borcun tamamlə silinməsi tələb edilir. İmkanı yetməyən və ödənişi sonraya saxlayan sakinə lazım olan sənəd də verilmir. Özlərini nazir və məmur kimi aparan “JEK” işçiləri qanunvericiliyə zidd addım atmaqlarına rəğmən həm də sakinlərin əsəblərini tarıma çəkirlər. 

Bu yaxınlarda həqiqi hərbi xidmətə görə yaşayış yerindən arayışın alınması üçün Suraxanı MKTB-nin 104 saylı mənzil-kommunal istismar sahəsinə Hafiz Quliyev 14 və Elman Qasımov ünvanından üz tutan ayrı-ayrı valideynlərdən rüşvət tələb olunub.

Məsələ sosial şəbəkələrdə də ictimailəşib. Amma aidiyyəti qurumlar tərəfindən hər hansı ölçü götürülməyib. 

Bizim.Media məsələ ilə bağlı 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Mircəfər Həşimovla əlaqə yaradıb. “JEK” rəhbəri şikayəti eşidər-eşitməz özündən çıxıb:

“Siz nə və nədən danışırsız? Hansı arayışı nəzərdə tutursuz? Şikayət olunub, araşdırın. Bəlkə bizim ünvan deyil?”, deyə bildirib. 

Xatırladaq ki, 2009-cu il oktyabrın 1-də qüvvəyə minən Mənzil Məcəlləsi faktiki olaraq, MİS-ləri mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırıb.
 

Belə ki, yeni Məcəllədə dövlət mənzil fondunun müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondunun isə məhz bələdiyyələr tərəfindən idarə olunması öz əksini tapıb. Məcəllənin 141-ci maddəsinə əsasən, çoxmənzilli binaların idarə edilməsi üçün 3 təşkilati forma təklif olunub: sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMC) və ixtisaslaşmış istehlak kooperativi (bələdiyyə). 


Yeni qanunvericilikdə MİS-lərin binaların idarəçilik prosesində iştirakçılığına dair heç bir müddəa yoxdur və bu mülkiyyət formalarının siyahısında MİS-lərə yer verilməyib. Yəni qanun dəyişsə də, mənzillərin idarəetmə prinsipləri praktiki olaraq dəyişməyib. Bu isə o deməkdir ki, yeni Məcəllənin tələbləri işləmir və bu sənəd kağız üzərində qalıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO