Son günlər ön cəbhədə olan əsgərlərimizin maaşlarının azaldılması ilə bağlı sosial şəbəkələr üzərindən bəzi müraciətlər və etirazlar səsləndirilir. Məsələ ilə bağlı hətta ölkə başçısına da müraciət edilib. Xəbəri sosial şəbəkədə paylaşanlar arasında qazi Rey Kərimoğlu da var.
O, Bizim.Media-ya bildirib ki, ön cəbhədə xidmət edən hərbçinin əmək haqqı arxa cəbhədəki ilə eyni tutulub, 50% faizə qədər əmək haqqları azalıb. Axı, nəzərə almaq lazımdır ki, onlar çətin hava şəratində vətənin xidmətindədirlər.
Mövzuya şərh verən ekspert İlham İsmayıl isə söyləyib ki, ön cəbhədə olan hərbiçilərin maaşlarının kəsiləmsi onların əhval - ruhiyələrinə təsir edən amildir:
“Onların əmək haqqların yox, saylarını azaltmaq lazım idi. Bu daha doğru olardı. Bu nəyin ki, müddətli hərbi qulluq keçən əsgələrin əhvalına eyni zamanda peşəsi hərbiçi olan şəxslərə mənfi təsir edən nüansdır”.
MÖVZU İLƏ BAĞLI:
Hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama - RƏSMİ
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Malliyyə Nazirliyindən bildirilib ki, Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq təxris edilib:
“Bununla əlaqədar “Hərbi qulluqçuların statusu haqqında” qanuna uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb.
Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi tərəfindən ikiqat pul təminatı təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödənilirdi. Müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbçilərə ikiqat pul təminatı verilib.
Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayını dəqiqləşdirir.
Nəticədə ikiqat pul təminatı alacaq şəxslərin sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaqdır.
Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələrin həyata keçirilməsinə başlanılıb.
Hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdrilməsi aparılır.
Bununla yanaşı qeyd olunmalıdır ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır.
Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nomrəli qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1200 metrdən 1500 metrədək olduqda 10 faiz, 1500 metrdən 2000 metrədək olduqda 20 faiz, 2000 metrdən yuxarı olduqda isə 30 faiz əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur.
Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif “ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir”.
Gülşanə Mustafayeva, Bizim.Media