Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi çərçivəsində kommersiya məsələlərinin qiymətləndirilməsi aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, qiymətləndirmə prossesi çərçivəsində iki məsələnin razılaşdırılması qalıb: “Danışıqlar davam edir”.
Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, layihə çərçivəsində son kommersiya qərarı bu il qəbul olunmayacaq, buna qədər müəyyən mərhələlərdən keçmək lazımdır.
Xatırladaq ki, bu ilin iyununda Energetika Nazirliyi və BP arasında Azərbaycanın cənub-qərb bölgəsində günəş elektrik stansiyası layihəsi ilə bağlı növbəti addımlar üzrə razılıq əldə edilib.
Tərəflər arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Apa.az-ın məlumatına görə, bu sənəd "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.
İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır.
Bu model layihə çərçivəsində Cəbrayılda günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.
Bizim.Media