Şəhid dəfnlərində dövlət bayrağının icra başçıları tərəfindən valideynlərinə təqdim edilməsi ictimaiyyətdə narazılıqla qarşılanır. Son vaxtlar ikrah hissi yaradan bu məsələ sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib. Çoxsaylı tələb dövlət bayrağının şəhid atasına icra başçısı tərəfindən deyil, hərbçinin komandiri və ya xidmət yoldaşları tərəfindən təqdim olunmasını məqsədəuyğun hesab edir.
Ümumiyyətlə, milli atributun şəhid ailəsinə kim tərəfindən təqdim olunması ilə bağlı xüsusi prosedur qaydaları varmı?
Polkovnik, hərbi ekspert Cəlil Xəlilov Bizim.Media-ya açıqlamasında bildirib ki, hərbi qulluqçuların son mənzilə yola salınması xüsusi qaydada həyata keçirilir və bununla bağlı nəzərdə tutulan qarnizon xidməti nizamnaməsinə əməl olunur:
“Əslində üçrəngli bayraq şəhidin komandiri və döyüş yoldaşları tərəfindən təqdim olunarsa, daha yaxşıdır. Amma icra hakimiyyətləri də dövlət qurumudur və qazilərə, şəhid ailələrinə diqqət göstərən bir təsisatdır.
İcra başçıları ağsaqqal və rayonun idarəetməsinə rəhbərlik edən bir şəxs kimi qəbul edilir. Yəni, burada qəbahət bir şey də yoxdur. İstənilən halda bayraq komandir və hərbçilər tərəfindən təqdim olunsa, daha məqsədəuyğundur.
Onu da deyim ki, hərbçilərimizin dəfn mərasimi onların hərbi rütbələrinə uyğun şəkildə aparılmalıdır. Mərasimdə hərbi orkestrin, cənazə üçün qarovul və dəfn zamanı əsgərlərin müşayiəti mütləq şərtlərdən hesab olunur”.
Hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə bayraq dövlət atributu olduğu üçün icra başçısı tərəfindən şəhid ailəsinə təqdim edilməsi normal haldır:
“Bayraq sırf hərbi atribut deyil. Bayrağın komandir və ya hərbçilər tərəfindən şəhid ailəsinə təqdim edilməsi ilə bağlı fikirlərə hörmətlə yanaşıram. Bu həm də hərbçilərimizə olunan ehtiramdan irəli gəlir. Mən bunu alqışlayıram. Amma bayrağın təqdim edildiyi tərəf mülki adamdır. İcra başçısı isə həmin əraziyə rəhbər şəxsdir. Hörmət və sayğı mənasında bayrağın icra başçısı tərəfindən təqdim olunması məntiqlidir.
Üstəlik bayraq təqdim etməklə iş bitmir. İcra başçısı şəhidlərlə bağlı bütün tədbirlərdə ailələrinin yanında olurlar. Onların müəyyən problem və qayğılarına dəstək göstərirlər. Bir növ dövlət orqanları ilə müəyyən bir bağlantı yaranır. Ona görə də bayrağı onların təqdim etməsi doğrudur”.
Ekspert əlavə edib ki, şəhid dəfnləri hərbi nizamnamə ilə tənzimlənir və orada müəyyən prosedurlar öz əksini tapıb:
“Fəxri şəkildə şəhidlərin yola salınması, orkestrin iştirakı, atəşin açılması, onların şəhidlər xiyabanında dəfn edilməsi proseduru sənədlərdə qeyd olunub”, - deyə ekspert qeyd edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:15 / 21.09.2022
Şəhid atasına bayrağı niyə icra başçısı TƏQDİM EDİR? – Hərbi ekspertlərdən TƏZADLI mövqe
Hazırda oxunan: Şəhid atasına bayrağı niyə icra başçısı TƏQDİM EDİR? – Hərbi ekspertlərdən TƏZADLI mövqe
Hazırda oxunan: Şəhid atasına bayrağı niyə icra başçısı TƏQDİM EDİR? – Hərbi ekspertlərdən TƏZADLI mövqe
94855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.