İlkin Süleymanovun məhkəməsində istintaq sənədləri AÇIQLANDI 

İlkin Süleymanovun məhkəməsində istintaq sənədləri AÇIQLANDI 

Hazırda oxunan: İlkin Süleymanovun məhkəməsində istintaq sənədləri AÇIQLANDI 

94009

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə cinayət işinin 9, 10 və 11-ci cildlərdə olan sənədləri tədqiq edilib.  

Nərmin Quliyevanın üzərindən tapılan geyim qalıqları, həmçinin geyim qalıqlarında İlkin Süleymanova məxsus liflərin olması barədə sənədlər açıqlanıb.  

Sonra İlkin Süleymanovun müdafiəsi ilə bağlı Ombudsmana göndərilən məktub elan edilib. Məhkəmədə ən çox müzakirə olunan sənədlər 9-cu cilddə yer alıb. Məlum olub ki, meyitin üzərindən çıxarılan əşyalar arasında cins şalvar aşkar olunmayıb. Nərminə məxsus paltarların üzərində İlkinin paltarlarının lifləri aşkar olunsa da, İlkinə məxsus paltarlarda isə Nərminin paltarlarının lifləri aşkar olunmayıb. Yalnız Nərminə məxsus qırmızı jaketin lifləri İlkinin paltarlarında aşkar olunub.  

Sənədlərdə məlum olur ki, Nərminin meyitinin yandığı yerdə bir kibrit dənəsi aşkar olunub, amma hal şahidlərinin ifadəsində isə bu rəqəm 2 və ya daha çox göstərilib. Bundan əlavə, Nərminin meyiti üzərindən yanmış saç yığan rezin bağlarının baş nahiyyəsində aşkar olunması da sənədlərdə qeyd olunub. 

Müdafiə tərəfi bu sənədin qərəzli olduğunu deyir və qeyd edir ki, 47 gün ərzində (itkin düşdühyü vaxtdan yanmış meyiti tapılan vaxta qədər - 2019-cu ilin noyabrından 2020-ci ilin yanvarına qədər olan müddət – red.) rezinin Nərminin saçında qalması mümkün deyil.  

Ekspertlər Nərminin dizel və ya benzinlə yandırılmasını müəyyən edə bilməyib. Məlum olub ki, qan qrupları ilə bağlı numunələr götürülsə də, sonradan həmin nümunələrin ekspertizadan keçirilməsi ilə bağlı rəylər işdə yoxdur.  

Bundan başqa, Nərminin meyiti üzərindən iki dənə arxa dişləri DNT analizi üçün götürülüb. Amma bunun ekspertizaya göndərilməsi haqda protokol iş materiallarında yoxdur.  
Vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini istəyib. Növbəti proses sentyabrın 21-də davam edəcək.  

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib. 

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. 

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb. 
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. 

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO