Dünyanın əksər ölkələrində koalisiyalar siyasi həyatın ayrılmaz parçası kimi qəbul olunur. Belə ki, ideoloji və ya vahid məqsəd uğrunda mübarizə partiyaları bir araya toplayır. Bəzən hətta fərqli düşərgələri və siyasi baxışları olan təşkilatların belə birgə mübarizə aparmasına rast gələ bilirik.
Azərbaycanda isə vəziyyət fərqlidir. Doğrudur, proporsional seçki sisteminin olmaması koalisiyalar ənənəsini qarşısına sədd çəkir.
Lakin istənilən halda siyasi təsir gücünü artırmaq üçün, yaxud majoritar seçki sistemində qarşılıqlı dəstəyi təmin etmək üçün də partiyalar güclərini birləşdirə bilərlər.
Buna rəğmən ölkəmizdə son illərdə nəinki hər hansı koalisiyaya, heç bu istiqamətdə təşəbbüslərə də rast gəlmirik.
Bəs, partiyaların koalisiya ideyasına isti baxmamasına səbəb nədir?
Mövzunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə müzakirə etdik. Xatırladaq ki, AMİP illər öncə bloklara qoşulmamaqla bağlı qərar qəbul edib.
Partiya sədri Bizim.Media-ya açıqlamasında qeyd edib ki, AMİP-in gələcək dövrdə koalisiyalara qoşulması mümkündür:
“Azərbaycan siyasi arenasında seçki qabağı belə blokların yaradılmasına şahid olmuşuq. AMİP uzun illərdir ki, digər partiyalarla ikitərəfli əməkdaşlığa üstünlük verir. Amma siyasət dövrə uyğun olaraq dəyişilə bilər.
Əgər seçkilər majoritar qaydada keçirilərsə, digər partiyalarla ikitərəfli əməkdaşlıq təşkil edilə, hətta qarşılıqlı müqavilələr də imzalana bilər. Proporsional yaxud qarışıq seçki sistemi bərqərar olacaqsa, hesab edirəm ki, tək AMİP yox, digər partiyalar da koalisiyalarda birləşməyə can atacaqlar.
Arzuxan Əlizadə ölkəmizdə koalisiyaların qurulması təcrübəsinin yoxa çıxmasına konkret səbəb göstərməyin çətin olduğunu bildirib:
“2002-ci ildə proporsional seçki sisteminin ləğvindən sonra, hər bir partiya öz namizədini keçirmək üçün ayrılıqda fəaliyyətə üstünlük verdi. Amma görünən odur ki, ölkədəki siyasi reallıqlar partiyaların bir araya gəlməsi imkanlarını azaldıb.
Bu illər ərzində vahid bir təşkilatlanma forması olmasa belə, partiyaların bir araya gəlməsinə şahidlik etmişik. Məsələn, 2019-cu ildə ölkədə islahatlara gedilməsi üçün vahid paket hazırlanarkən 12 siyasi partiya AMİP-in təşəbbüsü ilə bir araya gəldi və sənədin hazırlanmasına nail olundu”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ölkəmizdə partiyaların birgə fəaliyyətilə bağlı nümunələrin olduğunu qeyd edib:
“Xatırlayırsınızsa, Vətən müharibəsi dönəmində 1-2 partiyadan savayı bütün partiyalar ortaq mövqe ortaya qoydular. İndiki dövrdə də əksər məsələlərdə fərqli düşüncələrə sahib olan partiyalar milli maraqlar müzakirə mövzusu olduqda eyni mövqe ortaya qoyurlar.
Konkret blokların yaranması isə seçkilərlə bağlıdır. Onu da qeyd edim ki, siyasi partiyaların da yetkinlik səviyyəsi istənilən həddə deyil. Daha çox bir lider ətrafında birləşmə, hətta liderlər arasında münasibətlərin yaxınlaşmaya maneə törətməsinə şahidlik edirik. Bu doğru deyil, çünki oxşar düşüncəni daşayan camelərin ortaq davranması zəruridir”.
Fərəc Quliyev digər önəmli səbəb kimi tarixi təcrübəni ön plana çıxarıb:
“Baxmayaraq ki, bir çox partiyaların nizamnamələri oxşardır və hakimiyyət uğrunda mübarizədə bəzi bloklar yarandı. Lakin sonradan çox ciddi şəkildə çatlar oldu və hətta düşmənçiliyə çevrildi. Görünür, partiyalar bir qədər də bundan ehtiyat edirlər.
Lakin başlıca məsələ proporsional seçki sisteminin olmamasıdır. Düşünürəm ki, proporsional və ya qarışıq seçki sisteminə keçilərsə, partiyalar arasında ayrılıq da müəyyən qədər aradan qaldırılar”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:30 / 08.09.2022
Azərbaycanda siyasi partiyalar arasında düşmənçilik hökm sürür - SƏBƏBLƏR
Hazırda oxunan: Azərbaycanda siyasi partiyalar arasında düşmənçilik hökm sürür - SƏBƏBLƏR
Hazırda oxunan: Azərbaycanda siyasi partiyalar arasında düşmənçilik hökm sürür - SƏBƏBLƏR
92602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.