59 siyasi partiyaya ehtiyac varmı? – “Azərbaycandakı siyasi partiyalar biznes sahəsinə çevrilib”

59 siyasi partiyaya ehtiyac varmı? – “Azərbaycandakı siyasi partiyalar biznes sahəsinə çevrilib”

Hazırda oxunan: 59 siyasi partiyaya ehtiyac varmı? – “Azərbaycandakı siyasi partiyalar biznes sahəsinə çevrilib”

92535

“Bütün ölkələrdə siyasi partiyalar cəmiyyətin inkişaf istiqamətlərini və həyata keçiriləcək perspektiv siyasəti müəyyən edir. Bütün iqtidarlar üçün müxalifət, sağçı, solçu partiyalar lazımdır. Azərbaycanda isə bu vəziyyətin siyasi izahını tapa bilmirəm. Partiyalardan 8-9-u parlamentdədir və YAP, VHP istisna olmaqla hamısı bir nəfərlə təmsil olunur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Siyasi partiyalar haqqında” yeni qanuna müxalifətin MÖVQEYİ 


Onun sözlərinə görə, parlamentdənkənar siyasi partiyalar içərisində də üzdə olanların sayı azdır:

“Bu sırada Ümid partiyasını həm sədr, həm də müavinlərinin üzdə olması baxımından fərqləndirə bilərik. Azərbaycan Xalq, Demokrat, Ağ Partiya kimi bir neçə siyasi təşkilat isə sədrləri səviyyəsində cəmiyyətdə tanınır. Ümumilikdə isə, cəmiyyətə tanış olan partiyaların sayı 20-ni keçmir. Lakin 59 partiyanın olması, Azərbaycan cəmiyyətində siyasətin olmamasına dəlalət edir. Ümumiyyətlə, nə bir cəmiyyətin, nə də dövlətin 59 siyasi istiqaməti ola bilməz”.

Cümşüd Nuriyev əksər siyasi partiyaların tutduğu siyasi xəttdən asılı olmayaraq dövlət və milli maraqlara deyil, şəxsi maraqlara əsaslandığını qeyd edib:

“Birinci səbəb ondan ibarətdir ki, bu adamlar öz iddialarını ortaya qoymaqla parlamentdə yer istəyir. Bir çox siyasi partiyalar isə məmurların mövqeyindən çıxış edir. “Siyasi partiyalar haqqında” qanuna əsasən partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mümkündür. Mən buna qarşıyam. Doğrudur, xarici ölkələrdə də bu cür təcrübə var, lakin onlarda partiyaların sayı 2-3 olur və səslərin alınması üçün maddi ödəniş edilir. 85 milyonluq Türkiyədə 10 partiya var, 10 milyonluq Azərbaycanda isə 59. Bu, çox gülməli və biabırçı vəziyyətdir. Qeydiyyata düşmək üçün partiyaların ən azı min üzvü olmalıdır. Hesablama aparsaq, 3 milyon əhalinin siyasi fəal sayıla biləcəyini görərik. Onların da hamısı siyasiləşməyib. Əksər hallarda, eyni şəxslər bir neçə partiyanın üzvü kimi qeydiyyat zamanı imza atırlar”.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, çoxpartiyalılıq heç bir cəmiyyətə fayda gətirməyib:
 

“Bu ancaq kommunist rejimindən çıxan ölkələrdə ideologiyasızlıq səbəbindən gəlinən nəticədir. Çox təəssüf edirəm ki, partiyalarda yerliçilik, dostbazlıq mövcuddur. Bu partiyaların birləşməməsinin əsas səbəbi qeyri-rəsmi maliyyələşdirmədir. 


Onlar çox zaman siyasətdən danışanda vicdanlarını evdə qoyub gedirlər. Mətbuat qarşısında millətin halına yandığını göstərənlərə də inanmayın, onlarınkı timsah gözyaşlarıdır. Onların maraqlarının arxasında isə nə dövlət, nə iqtidar, nə də cəmiyyətin maraqları durur. Təəssüf ki, Azərbaycandakı siyasi partiyalar biznes sahəsinə çevrilib”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO