Ermənilər Moskva və Brüssel görüşlərindən TƏŞVİŞƏ DÜŞÜBLƏR

Ermənilər Moskva və Brüssel görüşlərindən TƏŞVİŞƏ DÜŞÜBLƏR

Hazırda oxunan: Ermənilər Moskva və Brüssel görüşlərindən TƏŞVİŞƏ DÜŞÜBLƏR

90994

Sabah Moskvada Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların iki ölkə baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi ikinci iclası keçiriləcək.

Qeyd edək ki, Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərlik etdiyi komissiyalar bu ilin mayında Brüsseldə prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında aparılan danışıqlardan sonra yaradılıb. Və bir neçə gün sonra, mayın 24-də iki ölkənin dövlət sərhədində komissiyaların ilk iclası keçirilib.

Avqustun 31-də isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Belçikanın paytaxtında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılır.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə bildirib ki, danışıqların gündəliyində duran əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması üçün işçi qrupların yaradılması olacaq.

Bizim.Media xəbər verir ki, mövzuya irəvanlı politoloq Benyamin Poqosyan münasibət bildirib.

O, hesab edir ki, Moskva və Brüsseldə Ermənistan-Azərbaycan danışıqları ərəfəsindəki vəziyyət birmənalı olaraq Ermənistanın xeyrinə deyil.

Rusiyanın “Kommersant” nəşri isə Azərbaycan və Ermənistan liderləri arasında Şarl Mişelin vasitəçiliyi ilə keçirilən növbəti danışıqları “Brüsselin Moskvanı Ermənistan-Azərbaycan nizamlanmasından sıxışdırıb çıxarmaq cəhdi” adlandırıb.

Xüsusən “Kommersant” yazıb ki, buna səbəb münaqişənin hər iki tərəfində dayanan ölkələrin Moskvanın rolundan narazılığıdır.

Belə ki, Azərbaycan tərəfi vurğulayır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişinə zidd olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki erməni birləşmələri hələ də tərksilah edilməyib və Ermənistan ərazisinə geri çəkilməyib.
Ermənistanın isə avqust ayında Qarabağda baş verən toqquşmalardan və Azərbaycan ordusunun qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi “Qisas əməliyyatı”ndan sonra Rusiya sülhməramlılarının fəaliyyətindən narazılığı artıb. Bu baxımdan ölkədə anti-Rusiya əhval-ruhiyyəsi güclənib.

Paşinyan son çıxışlarının birində Rusiyanı müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək “Müttəfiqlər həmişə təkcə sizin müttəfiqləriniz deyil, həm də sizə qarşı olanların müttəfiqləridir” ifadəsini işlədib.

İrəvanlı politoloq Benyamin Poqosyanın sözlərinə görə, Rusiya sülhməramlıları 5 ildən sonra Qarabağdan çıxarılacaq:

“Bu isə o deməkdir ki, Ermənistanın Qarabağın Azərbaycanın bir hissəsi olması ilə razılaşmaqdan başqa çarəsi qalmayacaq və bu ərazidə yaşayan ermənilərin “muxtariyyət statusu”nun müzakirəsi heç vaxt aparılmayacaq”.
Poqosyanın həmkarı Tiqran Qriqoryan da kifayət qədər bədbindir: 

“Azərbaycan Ermənistanla ultimatum dili ilə danışacaq və iki əsas tələb irəli sürəcək: Qarabağ ordusu”nun tam tərksilah edilməsi və sülh sazişinin imzalanması”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO