Dənizdə üzən tənha şəhid... - 31 ilin xatirəsi

Dənizdə üzən tənha şəhid... - 31 ilin xatirəsi

Hazırda oxunan: Dənizdə üzən tənha şəhid... - 31 ilin xatirəsi

9086

Üçrəngli bayrağı öz qanları ilə, vətən göylərinə çəkdi şəhidlər...

Üç gündür ancaq səma görürəm, arada uçan qağayılar üzərimə qonub, məni dimdikləyir. Ancaq dimdiklərinə heç nə dəymədiyi üçün, yenidən yollarına davam edirlər. Hərdən qışqırmaq istəyirəm ki, getməsinlər, ancaq nədənsə çığırıram səsim çıxmır...

Bilmirəm neçə gündür dənizdəyəm, əvvəl üzü üstə üzürdüm, sonradan külək məni kürəyim üstə çevirdi. Soyuqdur, qar yağır. Amma mən nədənsə soyuğu hiss etmirdim. Əvvəllər eyvana siqaret çəkməyə çıxanda belə əllərim donurdu. İndi 3 gündür suda üzürəm, heç nə hiss etmirəm.

Sonuncu xatırladığım anamın qışqırıq səsi idi. Arxamca getməməyim üçün haray salmışdı. 

Gecə, qaranlıq küçədə gəzişirəm, qonşu uşaqlar da bizə qoşulur. Hamı nigarandı, bu gecə nəsə baş verəcək. Birdən qonşu İlqarın tövşüyərək bizə sarı qaçdığını görürəm.

“Tanklar şəhərə girdi, atəş açırlar, gözümün önündə neçə nəfərin üzərindən keçdi. Qaçın uşaqlar, qaçın”.

Biz qaçırıq, birdən atəş səsləri gəlir, tanklar. Bizə atəş açırlar. Dostum İlyas al - qan içində yerə yıxılır. Vahiməli səslə, bacardığım qədər qışqırıram:

“İlyas, İlyas qalx, qalx, gəlirlər. Zarafatın yeri deyil, qalx”.

Qulaqlarım da ən son İlyasın xırıltıltısı qalıb. Sonra sinəmdə dəhşətli bir ağrı, vücudumu bürüyən istilik və başımın üzərində əli avtomatlı duran bir əsgər.

“On eşşo jiv, skatina” və başıma dəyən iki güllə.

Birdən bədənimi bürüyən o ağrılar tamamilə yox olur. Mənə nə oldu belə? Əli silahlı əsgər mənə yaxınlaşıb, qarnıma iki təpik çəkir, hiss etmirəm. Sonra üzərimə tüpürüb, qəhqəhə çəkir.

“Vam tak i nado, skatı”.

Göydən üzümə düşən qar lopaları, ətrafımdan gələn atəş, haray səsləri.

Bir xeyli vaxtdan sonra ətrafa sakitlik çökdü, indi silah səslərini ağlaşma səsləri əvəz edirdi.

Görəsən nə zamandır buradayam. Birdən ayaq səsləri gəlir, yenə əsgərlər. Bizi qalaq –qalaq yük maşınlarına yüklədilər. 

“İlyas, İlyas. Sən də burdasan? Niyə mənə cavab vermirsən. Heç zarafatın yeridir?”. 
Görəsən, o, mənə niyə cavab vermir...


Onun başından axan qan ağzına, burnuna dolub. Üzü tamamilə tanınmaz haldadlr. Hava yavaş-yavaş açılır. Bizi hardasa sahilə gətirib, yük maşınından yerə boşaldırlar. Sürüyüb dənizə atdılar. İndi biz azadıq, dənizin ləpələri bizi öz ağuşuna alıb, uzaqlara arzularımızın qanadlandığı yerlərə aparır.

Biz şəhidik, 20 yanvar şəhidləri...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO