Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağda atəşkəs davamlı olarsa, Ankara İrəvanla münasibətlərin normallaşdırılmasını Azərbaycanla koordinasiya edəcək.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu Qarabağdan danışdı: ''Bu, önəmli fürsətdir''
Mövzunu beynəlxalq münaqişələr üzrə ekspert Emil Həsənovla davam etdirdik.
O, Bizim.Media-ya açıqlamasında bu məsələnin əvvəldən Türkiyə və Azərbaycan üzərində qurulduğunu dedi.
“Rəsmi Ankara bir vaxtlar bəyan etmişdi ki, ermənilər Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Türkiyə Ermənistanla münasibətlərə yenidən baxa bilər. O məsələdə Rusiya yox idi”, - deyə o bildirdi.
“Bir sıra ölkələr, Avropa İttifaqı da Türkiyəyə Ermənistanla sərhədi açmalı olduğunu deyirdi. Ankara isə bu tələbə cavab olaraq ermənilərin pozduğu beynəlxalq konvensiyalar və icra etmədikləri BMT qətnamələrini irad tutdu. Türkiyə bəyan etmişdi ki, Azərbaycan əraziləri işğaldan azad olunduqda Ermənistanla sərhəd məsələsinə baxıla bilər".
"Qarabağla məsələlərin hələ tam açıqlanmadığını görə, Türkiyənin Ermənistanla sərhəd açması məsələsi tam qüvvəyə minməyib. Bir daha xatırladım ki, bu məsələdə o vaxt da Rusiya olmayıb, sərhəd açılması prosesi Türkiyə-Azərbaycan və Ermənistanı əhatə edirdi”.
Konfliktoloq Ankarının məsələni zərər çəkmiş tərəf – Azərbaycanla danışmaq istədiyini dilə gətirdi. Bu isə ədalətin bərqərar olunması məqsədi güdür.
“2008-ci ildə Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlunun vaxtında Türkiyə Ermənistanla sərhədləri açmaq istəyirdi. Sonralar isə sərhəd mövzusu bir də gündəmə gələndə qərara alındı ki, bu məsələdə mütləq Azərbaycanın da sözü olmalıdır.”
Emil Həsənovun fikrincə, regionda baş verən hadisələrdə Ankaranın mühüm rol oynaması vacibdir. Çünki Türkiyə həm Azərbaycan, həm də Ermənistanla sərhədlərə malikdir.
“ATƏT-in Minsk qrupunda Türkiyə də var. ABŞ, Fransa və Rusiya həmsədrlərindən başqa ATƏT-in Minsk qrupuna Almaniya, Belarus, İsveç, İtaliya, Niderland, Portuqaliya, Finlandiya və Türkiyə də daxildir. Bu format ilk qurulanda sədr İtaliyanın XİN rəhbəri idi.”
Konfliktoloq sonda vurğuladı ki, ATƏT-in Minsk qrupunun üzvü olaraq Ankara da həmsədrlər sırasına qoşula bilər.
Anar Rəhimov, Bizim.Media