Kəpəz Futbol Veteranları “Kəpəz” rəhbərliyi və məşqçiləri istefaya çağırdı - FOTO

Kəpəz Futbol Veteranları “Kəpəz” rəhbərliyi və məşqçiləri istefaya çağırdı - FOTO

Hazırda oxunan: Kəpəz Futbol Veteranları “Kəpəz” rəhbərliyi və məşqçiləri istefaya çağırdı - FOTO

89779

“Kəpəz”in ardıcıl 3-cü məğlubiyyətindən sonra komandanın biabırçı vəziyyətindən narazı qalan Kəpəz Futbol Veteranları baş məşqçi Yaşar Vahabzadəni və klubun rəhbərliyini təcili istefa verməyə səsləyib.

Bununla bağlı veteranların sədr müavini Firuz Qulami sosial şəbəkədə paylaşım edib.

Bizim.Media-nın yerli bürosuna danışan Qulaminin sözlərinə görə, artıq uzun müddətdir ki, ömrünün çox hissəsini Gəncə futbolunun inkişafına həsr edən veteranlar bu gün komandaya rəhbərlik edən heyətin səriştəsizliyi və bacarıqsızlıqları barədə mütəmadi olaraq aidiyyatı qurumlara məlumat verirlər:

“Kəpəz”in bugünkü durumu bizi narahat edir. Hələ 1-ci divizionda oynayanda veteranlar olaraq biz klubun hər hansı bir uğur qazanacağına inanmırdıq. Hesab edirdik ki, komanda premyer liqaya vəsiqə qazansa, bəlkə rəhbərlikdə və məşqçilər heyətində dəyişikliklər edilər. Amma təəssüf ki, heç nə dəyişməyib.
Biz veteranlar bu ilin may ayının 24-də AFFA-nın Baş Katibi Sərxan Haciyevə Gəncə futbolunda baş verənlərlə bağlı, komandanın rəhbərliyinin yarıtmaz fəaliyyəti barədə məktubla rəsmi müraciət etmişdik. Çox təəssüf ki, futbol üzrə ali qurum da biz veteranların səsini eşitmədi.

Artıq 3 oyundur ki, “Kəpəz” çox biabırçı hesablarla uduzur. Azarkeşlər hər oyunda məşqçilər heyətini istefaya səsləyirlər.

Hesab edirik ki, bu cür davam edə bilməz və Kəpəz Futbol Veteranları adından futbolun məbədi olan Gəncənin adına yaraşmayan bu cür biabırçılığa son qoyulmasını tələb edirik”.
Məlumat üçün bildirək ki, hazırda Gəncənin “Kəpəz” klubu 3 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və 3 oyuna qapısından ən çox top (7) buraxan komandadır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO