Xalq artisti Tünzalə Ağayeva Şuşa haqqında yeni əsər ərsəyə gətirib.
İfaçı “Bizim.Media”ya açıqlamasında bildirib ki, bu dəfə o, klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan Rəsul Rza yaradıcılığına müraciət edib. Xalq artisti Rəsul Rzanın “Şuşam mənim” şeirinə mahnı bəstələyib və hazırda klip çəkilişlərini edir.
MÖVZU İLƏ BAĞLI:
Tünzalə Ağayeva: "Yeni nəsil bəstəkarlarda müasirlik yoxdur" - FOTO
Şuşada 30 ildən sonra ilk konsert təşkil edildi - ÖZƏL+VİDEO
“Mahnının aranjimanı Emin Kərimovdur. Hazırda mahnının klip çəkilişləri başlayıb. Şuşanın gözəlliyini, möhtəşəmliyini vəsf edən bu sənət əsərinin klipini biz Qarabağ, Şuşa uğrunda canlarından keçən şəhidlərimizə ithaf edirik. Klipin rejissoru Ülviyyə Könüldür".
"Ekran işinin ssenari müəllifi Rəsul Rzanın nəvəsi, görkəmli yazıçımız Anarın qızı publisist, ədəbiyyatçı Günel Anarqızıdır. İnşallah, bizim Şuşaya həsr etdiyimiz yeni işimizin uğurlu olacağına inanıram. İnanıram ki, Qarabağ fatehlərinin təbliğatında, şəhidlərimizin hər zaman yad edilməsində bizim işimiz kiçik də olsa öz töhvsini verəcək”.
Xalq artisti klipin film formatında lentə alındığını da vurğulayıb. Daha bir yenilik isə ekran əsərində peşəkar artistlərlə yanaşı, Vətən müharibəsində iştirak edən əsgərlərin iştirak etməsidir.
“Klipdə Şuşa uğrunda gedən savaş öz əksini tapacaq. Filmdə aktyorlarla yanaşı,Vətən müharibəsində iştirak edən bir neçə əsgərlərimiz də yer alıb. Buna görə, çox böyük qürur hissi duyuram. Onlara çox dərin minnətdarımı bildirirəm. Klipin ərsəyə gəlməsində zəhməti olan bütün texniki heyətə, prodüserim Yalçın Cabbarova, Ülviyyə Könülə, Günel Anarqızına və bizə dəstək olan şirkət və qurumlara öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Tünzalə Ağayeva bundan əvvəl “Şuşa haqqında ballada” mahnısının bəstəkarı və ifaçısı olub. Şeir 1926-cı ildə dahi şairimiz Səməd Vurğun tərəfindən qələmə alınıb.
Vüsalə Balayeva, Bizim.Media