Qadınları qəzəbləndirən STATUS – “AY OĞUL”, Azərbaycan kişisi daha nə etməlidir?

Qadınları qəzəbləndirən STATUS – “AY OĞUL”, Azərbaycan kişisi daha nə etməlidir?

Hazırda oxunan: Qadınları qəzəbləndirən STATUS – “AY OĞUL”, Azərbaycan kişisi daha nə etməlidir?

88859

“Qadınlar cəmiyyətimizdə status baxımından niyə əks cinsə qarşı son zamanlar hücumları artırıblar, bunun mahiyyətində nə durur? Onsuz da dünyada yeridilən trendlərin fonunda getdikcə patriarxal quruluş yerini matriarxala uduzmaqdadır. Bu çək-çevirdə Azərbaycan kişilərinin bir qismi artıq alfonslaşır, bir qismi isə filosof olmağa başlayıb”. 

Bu cür fikirlər son illərin sosial şəbəkə statuslarında möhkəm yer almaqdadır. Düşüncə də budur ki, prosesi başlayıblar və qarşısını almaq da mümkün olmayacaq. 

Olsun, amma bu günlərdə Azərbaycan Güləş Federasiyasının feysbuk paylaşımı yenidən suları qaynatdı və xeyli diqqəti də özünə cəlb elədi. Nə var-nə var bu il Plovdivdə U-23 Avropa çempionu olduqdan sonra Konyada da baş mükafata yiyələnən güləşçi Jalə Əliyeva, həmin paylaşımda “Oğulsan, Jalə, oğul!” ifadəsi ilə tərif edilib.

“Azərbaycanda hələ də qəhrəman, güclü personajlara kişi xarakteri yüklənilir və qadınlara qarşı cinsi ayrı-seçkilik göstərilir” kimi fikirlərlə yenə də qadınlar hücum xəttini seçiblər.

Nə baş verir? Qadınların barışmadığı yanlışın kökündə nə durur? 50 il əvvəlki kişi obrazını artıq çoxdan itirmiş Azərbaycan kişisinin yanlışı hardadır?

Bizim.Media-a danışan psixoloq Gülər Məmmədova bildirir ki, sağlam təfəkkürü olan insan qadına qadın, kişiyə kişi kimi yanaşmalıdır:

“Qadına qadın, kişiyə kişi kimi baxılmalıdır. Təəssüf ki, bəzi insanların buna yanaşması fərqli və özəldir. Qadın əgər peşə olaraq idman sahəsini seçmişsə, gücünü nümayiş etdirirsə, ona qadın kimi dəyər verilməlidir. Bəzi insanlar bu özəlliyi, gücü-qüvvəti yalnız kişilərə aid edir. Nəzərə alsaq ki, bir müddətə qədər böyüklər və valideynlər Allaha kişi gözü ilə baxırdılar. Qadınlara da “oğulsan, kişi kimi qızsan, kişi qızısan, kişi qeyrətli qızsan” deyilən ifadələr yanlış ifadələrdir. Kişilər özlərini fiziki cəhətdən daha güclü hesab etdiyi üçün onlar qadınları da kişiyə bənzətməyə çalışırlar”.

Ekspert onu da vurğulayıb ki, əslində, bu da heç elə deyil. Kişinin cüssəsinin qadınlardan fiziki cəhətdən birmənalı güclü olduğu deyilməsi də absurd fikirdir:

“Nəzərə alsaq ki, dünya ölkələrində elə bədən quruluşlu qadınlar var ki, Azərbaycan kişilərindən qat-qat cüssəli, qüvvətlidir, hündürboy, enlikürəkdirlər. Kişilər həmişə, hər yerdə qadınlardan güclü deyil. Bəzi insanlar idmançı qızların cəsarətinə, əzmkarlığına, bacarığına, idmançı olaraq qələbə üçün savaşmasına qadın olaraq dəyər verirlər. Bu fərdi yanaşmadır. Sağlam təfəkkürü olan insan qadına qadın, kişiyə kişi kimi yanaşır. İçində qadın harmoniyası olan qadın özünə kişi bənzətməsini qəbul etməz”.

P.S. Azərbaycan Güləş Federasiyasının feysbuk paylaşım ictimai qınağa səbəb olsa da, düzəliş edilməyib.

Əslində etməlidirmi, bilmirəm? Düz 100 il, bəlkə də 1000 il əvvəl də qadınlarımıza bu cür müraciət olub. Qədim oğuz dilində oğul sözü övlad mənasında işlənib. Məsələn, “oğuldan-uşaqdan nəyin var?”. Şəki zonasında bu gün də adamlar bəzən tanımadığları uşağı (qız və ya oğlan) arxadan, “ay bala, ay oğul”, deyə çağırırlar. Hələ, problemin digər tərəfinə toxunmuruq. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO