Barəsində cinayət işi açılan məktəb direktoru niyə vəzifədədir? - ARAŞDIRMA

Barəsində cinayət işi açılan məktəb direktoru niyə vəzifədədir? - ARAŞDIRMA

Hazırda oxunan: Barəsində cinayət işi açılan məktəb direktoru niyə vəzifədədir? - ARAŞDIRMA

8876

Barəsində 2 ildir cinayət işi qaldırılan məktəb direktoru hələ də vəzifəsini icra edir. Söhbət özünə və yaxınlarına saxta əlillik müavinəti düzəltdirən Lerik rayonu M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əvəz oğlu Əmirovdan gedir.

Sağlam məktəb direktorunun 8 xəstəlikdən əlillik dərəcəsi aldığı məlum olub. 

2018-ci ildə direktorun aldığı pensiyanın saxta olduğu müəyyənləşərək müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dayandırılıb.

Nazirliyin mətbuat katibi Fazil Talıbovun verdiyi məlumata görə, ona dair səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş talassemiya diaqnozu rəhbər tutulmaqla Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən sırf göndərişdə qeyd edilmiş məlumatlar əsasında 2018-ci ilin yanvar ayının 12-də müddətsiz II dərəcə əlillik təyin edilib.

 

MÖVZU İLƏ BAĞLI:

DİN ad günü edən məktəb direktorunu cəzalandırdı - VİDEO

Töhmət alan direktor indi də başında bayraqla oynadı – VİDEO


Özünə ad günü keçirən məktəb direktoru işdən çıxarıldı


Faktla bağlı Lerik Rayon Prokurorluğunda İ.Əmirov barəsində "dələdüzluq və rüşvət vermə "maddələri ilə cinayət işi başlanıb. 

Maraqlıdır ki, barəsində 2 ildir cinayət işi qaldırılan İlham Əmirov hələ də məktəb direktoru kimi çalışır.

Sözügedən məktəbin ibtidai sinif müəllimi Əhliman Zeynalov Bizim.Media-ya açıqlamasında nəinki məktəb kollektivinin, bütün kəndin direktorun əlindən təngə gəldiyini qeyd edib:

“İlham Əmirov neçə illər saxta pensiya alıb və ondan heç kimin xəbəri olmayıb. Məktəb direktoru özü bülletenlə işdən çıxmalıdır ki, onun xəstə olması bəlli olsun. Bu adam tək özünə deyil, başqalarına da “dəllallıq edib”. 2018-ci ildə fakt aşkar olunandan sonra bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Pensiya ləğv edildi. Amma barəsində cinayət işi qaldırılan İlham Əmirov hələ də direktor işləyir və heç kimi saymır. Dərs bölgüsündə və qiymətləndirmə diaqnostikasının təlimatlarındakı müvafiq qanunları nəzərə almır. 5-6 nəfər müəllimi başına toplayıb, rayon Təhsil Şöbəsinin “aylığını verir”. 

İ.Əmirovun 13 ildir məktəb direktoru çalışdığını vurğulayan Ə. Zeynalov iddia edir ki, bu müddət ərzində İ.Əmirov məktəb müəllimləri və kənd camaatı ilə məhkəmə çəkişmələrindədir:

“Heydər Əliyev Fondu yeni məktəb tikdi və onun açılışı oldu. Kənd camaatı açılışa gələn direktoru və təhsil şöbəsinin müdirini oradan qovdu. Açılışda Fond məktəb şagirdləri üçün 24 dəst dərs ləvazimatlarından ibarət sövqat gətirmişdi. O hədiyyələr indiyə kimi şagirdlərə verilməyib. Bu adam müəllimlərin əksəriyyəti ilə küsülüdür. Məktəbin texniki işçilərinin əmək müqaviləsinə qanunsuz xitam verib. Bu işə də prokurorluqda baxılır”.

Məktəb müəllimi onu da qeyd edib ki, ötən ilin sentyabr ayında təhsil müəssisəsinin 16 nəfər işçisi direktorun əməlləri ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Amma müəllimlərin müraciətlərinə cavab verilməyib. 

Lerik Rayon Prokurorluğunun köməkçisi Şirzad Fərəcov saytımıza faktı təsdiqləyib.

Prokurorluq köməkçisinin sözlərinə görə, 2 ildir direktor barəsində istintaq hərəkətlərinə başlanıb:

“İlham Əmirov barəsində istintaq prosesi gedir. İstintaqın detalları barədə açıqlama verə bilmərik”.

M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov isə barəsində cinayət işinin qaldırılmadığını iddia edib:

“Mənim barəmdə nə cinayət işi, nə də isitintaq var. Elə bir şey yoxdur. Məlumatlar yalandır. İkincisi, əlillik dərəcəsini mən vermirəm, həkim-komissiya təyin edir. Cinayət məsuliyyəti varsa da onlar cəlb olunmalıdır. Mənim bu məsələdə nə cinayət işim var?”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sual isə hələ də cavabsız qalıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO