Müharibə, siqaret, içki kişilərin ömrünü qısaldır. Şotlandiya alimlərinin araşdırmalarına görə bunlarsız da qadınların orta ömür müddəti kişilərə nisbətən uzundur. Maraqlıdır ki, qadınlarla kişilər arasındakı ömür müqayisəsi islam və Şərqi Avropa ölkələrində kəskin fərqlənir.
Ölkəmizdə də vəfat edən kişilərin ölüm yaşı 60-65 yaş arası dəyişir. Yetmiş yaşdan yuxarı yaşayan kişi tapmaq bizim üçün az qala möcüzəyə çevrilib.
Uroloq Maqsud Adıyev Bizim.Media-ya açıqlamasında bildirir ki, kişilərin ömrünün qısalığının konkret səbəbi yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Qadınlar və kişilər niyə xəyanət edir? – REAL HEKAYƏLƏR
“Bu yaşam tərzindən asılıdır. Qidalanma düzgün olmayanda, qan da keyfiyyətli olmur. Bəzən bilən də, bilməyən də deyir ki, kişinin orqanizmi qadının orqanizimindən zəifdir. Bu çox absurd yanaşmadır. Elə xəstəlik var ki, kişi daha yaxşı mübarizə aparır, nəinki qadın.
Onda deyək ki, qadınlar kişilərdən zəifdir? Qəribəsi odur ki, artan cinsi xəstəliklərini məhz kişilərə aid edirlər. O qədər qadın xəstələrimiz var ki, cinsi zəifliyə görə bizə müraciət edib”.
Belə bir fikir formalaşıb ki, kişilərdə cinsi zəiflik, kişi xəstəlikləri 40-45 yaşdan sonra özünü biruzə verir. Uroloq bunu təkzib edir və əsassız sayır:
“Bu düşüncə necə yaranıb mənim özümə də maraqlıdır. Yaşı otuza çatmayan o qədər kişilərimiz var ki, özlərində o qədər xəstəliklər daşıyırlar ki, 50-60 yaşında kişi onun yanında şux və gümrahdır”.
Uroloq onu da bildirdi ki, ömrün qısalığı-uzunluğu həm də münasibətlərdən asılıdır.
“Bizim ölkədə normal qadın-kişi münasibətləri yoxdur. Söhbət təbii əksəriyyətdən gedir. Çünki biri digərinin yarısıdır, onlar mütləq tamamlanmalıdırlar.
Uzun müddət depresiyada olursan və səndəki depresiya ağlına gəlməyən xəstəliklərin başlanğıcı deməkdir. Amma bir qadın deyə bilməz ki, mən kişinin nə keçirdiyini dərindən başa düşürəm. Amma kişilərimizin çoxu qadınlarımızın arzuları üçün yaşayırlar.
Ümumiyyətlə, istər kişi olsun, ya qadın, bədəninin qədrini bilirsə, mütəmadi idmanla məşğul olmalı və sağlam qidalanmalıdır. Çünki sağlam ruh da sağlam bədəndə olur. Sağlam ruh isə gözəl münasibət, sevgi deməkdir”.
Şəfaqət Cavanşir, Bizim.Media