"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Ceyhun Bayramov - FOTO

Hazırda oxunan: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Ceyhun Bayramov - FOTO

84545

Ötən gün Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Siyasət Mərkəzində (EPC) keçirilən tədbirdə iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı XİN-in Mətbuat Xidməti yayıb.

EPC-nin baş siyasi təhlilçisi Amanda Polun moderatorluğu ilə baş tutan tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Avropa İttifaqı tərəfdaşlığının mühüm məsələlərindən bəhs edib.

O cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıda baş tutmuş son görüşü, enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu barədə məlumat verib.

Nazir həmçinin, Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib.

Azərbaycanın bu gün elektrik enerjisi ixracatçısı olduğunu qeyd edən nazir, gələcək illərdə Avropaya yaşıl mənbələrdən əldə edilən elektrik enerjisi ixrac ediləcəyinə inamını ifadə edib.

Ceyhun Bayramov işğaldan azad olmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, bu gün məcburi köçkün ailələrinin bir qrupunun azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə geri döndüyünü məmnunluqla vurğulayıb

Nazir iştirakçılar tərəfindən ünvanlanan çoxsaylı sualları cavablandırıb.

O cümlədən, Cənubi Qafqazda İkinci Qarabağ müharibəsi sonrası yaranan yeni vəziyyət, nəqliyyat bağlantıları, sülhün əldə olunması səyləri, habelə Ukraynadakı vəziyyət, Aİ-Azərbaycan arasında enerji sahəsində imzalanan Anlaşma Memorandumunun nəticələri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə Avropa Siyasət Mərkəzində təşkil edilən “EPC Ceyhun Bayramovla geosiyasətdən danışır” tədbirində Avropa İttifaqının müxtəlif siyasi institutlarının rəsmiləri, Avropa Parlamentindən nümayəndələr, Belçika Xarici İşlər Nazirliyinin əməkdaşları, müxtəlif beyin mərkəzlərinin əməkdaşları, media nümayəndələri, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO