“İcbari sığorta haqqında” qanuna təklif olunan yeni dəyişiklik layihəsinə əsasən Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri və sahiblərinə dair məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürüləcək.
Bununla da Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi təmin olunacaq.
Məlumdur ki, ölkəmizə xaricdən gətirilən avtomobillərin əksəriyyəti istifadə olunmuş maşınlardır.
Eyni zamanda onlardan bir çoxu qəzalı vəziyyətdə, yaxud da demək olar ki sıfırdan yığılmış durumda olur. Bu da həmin nəqliyyat vasitələrinin təhlükəsizlik problemini ortaya çıxarır.
Bəs, yeni qanunun tətbiqi bu problemi aradan qaldırmağa yardımçı olacaqmı?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Türkiyədən avtomobil idxalı azaldı
Sualı Bizim.Media üçün cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, avtomobil daxil olarkən onun haqqında məlumatın da avtomatik olaraq sistemə daxil olması müsbət haldır:
“Lakin bir məsələni qeyd etməliyik ki, hal-hazırda icbari sığorta məsələləri ilə bağlı da müzakirələr gedir. İrəli sürülən fikirlərə görə, çox qəza keçirmiş maşınlar icbari tibbi sığorta olunarkən tariflərdə fərqlər tətbiq ediləcək. Yaxud belə nəqliyyat vasitələrinin ümumiyyətlə sığorta edilməməsi təklifləri də var. Mən bunların əlehinəyəm. Çünki ayrıseçkiliyə yol vermək olmaz. Əslində biz, nəqliyyat vasitəsini yox, sürücünü əsas götürməliyik”.
Ekspertin sözlərinə görə, istənilən halda avtomobilləri qəzada günahlandırmaq doğru deyil, günahkar məhz sürücülərdir:
“Maşınların hansısa qəzada iştirak etməsinin bir önəmi yoxdur. Əsas sürücünün təcrübəsinə, qəza tarixçəsinə baxılmalıdır. Əgər bir sürücü məsuliyyətsizdirsə, bu insanla bağlı sığorta zamanı müəyyən tədbirlər görülə, qiymət fərqi tətbiq oluna bilər”.
Murad Əhmədov, Bizim.Media