Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu, Azərbaycanın xüsusən də işğaldan azad olunan ərazilərdəki qızıl ehtiyatlarını bir daha gündəmə gətirmiş oldu.
Qarabağ dağ-mədən sənayesinin imkanları mövzusunda Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, işğaldan azad olunmuş ərazilərdə yerli şirkətlər və xarici investorların köməyi ilə ərazilərdən qızıl və digər faydalı qazıntıların çıxarılması yeni iş yerlərinin yaranmasına səbəb ola bilər.
“Eyni zamanda bu dövlət büdcsinə də, gəlir gətirə bilər, amma gəlirlərin hansı həcmdə olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Kəşfiyyat işlərinin genişləndirilməsi gələcəkdə yeni yataqların tapılmasına da, səbəb ola bilər. Amma bunun üçün böyük investitsiyalara ehtiyac var. Xüsusən də, bu kimi işlərdə təbiətə daha az ekoloji ziyan vuran avadanlıqlardan istifadə edilməlidir”.
Natiq Cəfərlinin dediklərinə görə, Qarabağdakı qızıl və digər faydalı qazıntı yataqlarından əldə olunan gəlirlər Azərbaycanın neft gəlirləri ilə müqayisədə çox aşağı olacaq və Qarabağda bərpa işlərini təmin edə bilməyəcək:
“2019-cu ildə erməni şirkətləri Azərbaycanın işğal altında olmuş torpaqlarındakı təbii sərvətlərdən 400 milyon dollar gəlir əldə ediblər. Amma bu gəlirləri hansı yataqlardan əldə etmələri ilə bağlı hələ ki, detallı məlumat yoxdur. Buna əsasən deyə bilərik ki, Qarabağda faydalı qazıntı yataqlarından büdcəyə gələcək qazanc, neft gəlirləri ilə müqayisədə inanılmaz dərəcədə aşağı olacaq və orada dağıdılmış infrastrukturun yenidən qurulması üçün kifayət etməyəcək. Qarabağın bərpasına ən azı yaxın 8-10 ildə, yəni 2030-cu ilə qədər 50-60 milyard vəsait lazım olacaq. Təbii ki, Qarabağdakı yataqlardan bu qədər vəsaitin əldə edilməsi mümkünsüzdür”.
Ekspert açıqlamsında mədən sənayesi yaranan zaman sənayenin öz ətrafında bəlli formada infrastruktur qurduğunu diqqətə çatdıraraq, bu mənada Qarabağda qurulacaq dağ-mədən sənaye infrastrukturunun yerli əhaliyə qazandıracağı avantajları da qeyd edib:
“Yeni iş yerlərinin açılması, adətən bölgədə həyatın canlanmasına səbəb olur. Mədən sənayesinin özəlliyi də odur ki, məhz bu sahəyə qoyulan investitsiyalar ətrafında böyüyən iqtisadi canlanma yaranır.
Azərbaycanın Daşkəsən mədəninin “Çovdar” yatağında kifayət qədər təcrübə yığmış “AzərGold” , “Azərqızıl” səhmdar cəmiyyətlərinin bu sahədə xeyli təcrübəsi var. Lakin bizim mədən sənayesi sovet ənənələri əsasında işləyir. Azərbaycan elə bir xarici tərəfdaşlar tapmalıdır ki, həm investitsiya, həm də texnologiya şəklində bu yataqların işlənməsində iştirak etsinlər” - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Leyla Şah, Bizim.Media