Rusiyanın sərhədimizdə hərbi baza yaratma SƏBƏBİ – Hansı təhlükə gözlənilir?

Rusiyanın sərhədimizdə hərbi baza yaratma SƏBƏBİ – Hansı təhlükə gözlənilir?

Hazırda oxunan: Rusiyanın sərhədimizdə hərbi baza yaratma SƏBƏBİ – Hansı təhlükə gözlənilir?

82571

Xəbər verdiyimiz kimi, Rusiyanın Tovuz rayonu ilə sərhəddə yerləşən Ermənistanın Tavuş vilayətində hərbi baza yaratdığı ilə bağlı xəbərlər yayılıb.

Lakin şimal qonşumuzun bu addımı heç də birmənalı qarşılanmayıb. Belə ki, bir sıra siyasi şərhçilər bunun ölkəmizə qarşı təhdidə çevriləcəyi ehtimalını irəli sürüblər.

Bəs, Moskvanın sərhədlərimizdə hərbi baza yaratmaq niyyəti nəyə hesablanıb?

Sualı Bizim.Media üçün cavablandıran politoloq İlqar Vəlizadə ilk növbədə sözügedən ərazinin strateji əhəmiyyətinə diqqət çəkib:

“Çünki bu ərazi təkcə Azərbaycan-Ermənistan sərhəd bölgəsi deyil, eyni zamanda Gürcüstanla sərhədlərin yaxınlığındadır. Eləcə də Tovuz ərazisindən Gürcüstan üzərindən keçməklə bir sıra vacib infrastruktur layihələri həyata keçirilir. Qaz boru kəmərləri, elektrik xətləri, Bakı-Tiflis-Qars dəmiryolu və “İpək Yolu” kimi xəttlər bu bölgədən keçir. Üstəlik, bütün bu kommunikasiyalar təkcə Azərbaycanı və bir sıra digər ölkələri Gürcüstanla yox, eləcə də Türkiyə ilə birləşdirir”.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Polad Həşimovun şəhid olduğu yerin yaxınlığında hərbi baza tikir? - FOTOFAKT


Politoloqun sözlərinə görə, bu ərazinin yaxınlığında hərbi bazanın yaradılması həmin xətlərə Ermənistan ərazisindən nəzarət edilməsi anlamına gələ bilər:

“İstisna etmirəm ki, əsas məqsədlərdən biri budur. Lakin bura Ermənistan ərazisidir və Rusiya bu ölkə ilə müttəfiqdir. Moskva Ermənistanda hərbi infrastrukturunu genişləndirmək niyyətindədir və bu ilk növbədə İrəvanın daxili işidir. Lakin hamımız çox gözəl bilirik ki, Ermənistan müstəmləkə ölkədir, müstəqil deyil. Ona görə də, Rusiya dolayı yolla öz ərazilərində hansısa hərbi addımlar atır”. 

İlqar Vəlizadə Azərbaycanın da Rusiya ilə müttəfiq olduğu üçün bu ölkədən hər hansı hərbi təhdidlər gözləməməli olduğumuzu qeyd edib:

“Nəzərə almaq lazımdır ki, Rusiyanın Xəzər dənizi akvatoriyasında ciddi hərbi bazaları var. Məsələn, Kaspiyski şəhərində yerləşən donanmadan Azərbaycan ərazisinə qədər olan məsafə 100 km-dən də azdır. Gümrüdəki baza da 30 ilə yaxındır ki fəaliyyətdədir. Hələki, bu bazalardan ölkəmizə hər hansı təhdidlər gəlməyib. Baxmayaraq ki, Ermənistanla 2 dəfə müharibə baş verib, eləcə də Rusiya-Gürcüstan konflikti yaşanıb. Ona görə də, Tovuzla sərhəddə yerləşən bazadan da ciddi hərbi təhdidlərin gəlməsi real görünmür. Bununla yanaşı, bizim apardığımız balanslaşdırıcı siyasət də bu cür təhdidlərə imkan yaratmayacaq”.

Politoloqun sözlərinə görə, bu baza Azərbaycana siyasi dividendlər də qazandıra bilər:

“Biz bu istiqamətdə atəşkəsin pozulması hallarına tez-tez şahidlik edirik. Madam ki, Rusiya eyni zamanda Azərbaycanın da müttəfiqidir, biz onlara müraciət edə bilərik ki, Ermənistan tərəfinin təhdidlərinə qarşı bu təxribatların önünü kəsmək üçün tədbirlər görsünlər. Bu cür beynəlxalq sazişlərdən istifadə etmək lazımdır, necə ki, qarşı tərəf hər zaman bunu edir. Bu sənədlər ona görə imzalanır ki, sonrakı dövrlərdə tərəflər arasındakı münasibətlərdə krizislər yaranmasın”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO