Bu gün ölkəmizdə barəsində ən çox şikayət və narazılıqların ifadə olunduğu xidmət sektoru, yəqin ki, taksilərdir. Belə ki, xarici aqreqatorların yerli bazara daxil olmasından sonra bu sahədə vəziyyət tamamilə acınacaqlı hal alıb.
Artıq BOLTlardan gələn şikayətlərin ardı-arası kəsilmir.
Əvvəlki dövrlərdə hər məhəllənin bəlli taksi sürücüləri olardı ki, onlara hər kəs güvənər, ailələrini, uşaqlarını mənzil başına çatdırmaq üçün onlara etibar edərdi. BOLTların bazara daxil olmasından sonra taksi sürücülərinin kəmiyyəti artdı. Keyfiyyəti isə yerlərdə sürünməyə başladı.
Ekspertlərin hesablamalarına görə, hazırda paytaxtda 40-50 min civarında taksi fəaliyyəti ilə məşğul olan şəxs var ki, onların da yarısına yaxını məhz bolt tətbiqi vasitəsilə bu işlə məşğul olur.
BOLT taksisi kimi fəaliyyət göstərmək üçün cəmi bir neçə dəqiqə kifayət edir.
Yalnız sürücülük vəsiqəsini sistemə yükləmək şəhər küçələrində bolt vasitəsilə müştəri “ovu”na çıxmaq üçün yetərli hesab olunur. Nə hər hansı tibbi arayış, nə də avtomobilin texniki keyfiyyət göstəricisi ilə bağlı ən xırda sənəd tələb olunur.
Artıq vəziyyət o hala gəlib ki, bizi gedəcəyimiz yerə çatdırmağa mükəlləf olan taksiləri idarə edənlərin sürücülük vəsiqəsinin olmasına “buna da şükür” deyirik.
Çünki praktikada başqalarının adı və avtomobili ilə qeydiyyatdan keçərək küçələrdə şütüyən “BOLT”lara rast gəlirik. Yəqin ki, hər birimizin qarşısına bu cür sürücülər çıxıb;
tətbiqdə başqa avtomobil və sürücünün adı görünür, birdən-birə qarşımızda “dostumun adından qeydiyyatdan keçmişəm, filankəs mənəm, buyurun” deyən sürücü peydə olur.
Bir digər problemlə isə kartla ödəniş etdikdə rastlaşırıq. Sürücülərin əksəriyyəti siz avtomobilə əyləşər-əyləşməz (bəzən ünvana çatmadan zəng vasitəsilə) müştəriyə “kartla ya nağd olacaq” sualını ünvanlayır. Əgər cavabınız birinci variant olacaqsa, ən yaxşı ehtimalda uzun-uzadı deyinmələrə şahid olacağıq. Ən pis haldaysa ya sürücü sizi maşından düşürəcək, ya da dava-dalaş...
BOLTların ifasında baş verən yol-nəqliyyat hadisələri ilə bağlıysa danışmağa belə dəyməz.
“Buna da şükür”, ya da “ziyanın yarısından qaytmaq da xeyirdir” deyib, naəlac BOLTdan istifadə edə bilirik. Təki sürücümüz ayıq olsun ki, bizi mənzil başına yetirsin...
MÖVZU İLƏ BAĞLI:
“Bolt” Taksi Xidmətindəki BİABIRÇILIQ davam edir – ARAŞDIRMA Fotofakt
Problemin bir də “buna da şükür” deyə bilməyəcəyimiz tərəfləri var...
BOLT şikayətlərinə nəzər saldıqda bu cür halların sayının günü-gündən artdığına şahid olmaq mümkündür. Söhbət qadınlara qarşı əxlaqsız təkliflər edən, narkotikin təsirindən yerində dayana bilməyən, hər an sizi mənzil başına yox, son mənzilə çatdırmaq potensialında olan “BOLTçu”lardan gedir.
Elə bu gün də redaksiyamıza BOLTun növbəti macərasıyla bağlı şikayət daxil olub. Yola baxmaq əvəzinə gözünü arxa oturacaqdan çəkməyən “sürücü” bir neçə kilometr məsafə qət etdikdən sonra, niyyətini bəlli etməyə başlayıb.
“Qəhrəmanımız” xanım müştəriyə əvvəlcə tanışlıq, sonra kafe təklif edib. Dövri mətbuatı izləmək və kiçik bir internet araşdırması bu cür halların sayı-hesabı olmadığını görmək üçün yetərlidir. Məsələn, ötən ilin avqustunda aktrisa Lalə Ziyagil BOLT sürücüsü tərəfindən seksual qısnamaya məruz qalması ilə bağlı polisə şikayət ünvanlamışdı.
Narkotik maddələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlı xəbərlər isə artıq mütəmadi hal alıb.
Vəziyyət o həddə çatıb ki, avtomobildə sərnişin varkən siqarət çəkən, yol hərəkəti qaydalarını heçə sayan, müştəri ilə kobud rəftar edən sürücülərlə bağlı şikayət etməkdən müştərilər yorulublar. Əgər bu templə davam edərsə, böyük ehtimalla, bir müddətdən sonra əxlaqsız təkliflər də, müştəri avtomobildə ikən narkotik maddə istifadə edən sürücülər də adi hal almağa başlayacaq.
Hər kəsi maraqlandıran sualsa eynidir:
BOLT sürücüləri ilə bağlı nə zaman tədbir görüləcək?
Sosial şəbəkələrdə BOLT-dan gələn şikayətlərin bir hissəsini faktlarla diqqətinizə təqdim edirik:
Murad Əhmədov, Bizim.Media