Sumqayıtda “Azərişıq” əməkdaşlarına niyə basqın edilib? - TƏFƏRRÜAT 

Sumqayıtda “Azərişıq” əməkdaşlarına niyə basqın edilib? - TƏFƏRRÜAT 

Hazırda oxunan: Sumqayıtda “Azərişıq” əməkdaşlarına niyə basqın edilib? - TƏFƏRRÜAT 

81448

“Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova xəsarət yetirməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Mübariz Mahmudovun cinayət işinə baxılıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 13-də Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36 ünvanında baş verib.  

Həmin ünvanda abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən qurumun işçilərinə sözügedən ünvanda yaşayan Mübariz Mahmudov hücum edib. O, Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib. 
İstintaq orqanı tərəfindən M.Mahmudov barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi araşdırılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. İşə hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılıb.  

Cinayət işi üzrə ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, dekabrın 13-də evdə olarkən qapı döyülüb:  

“Qapını açanda “Azərişıq” QSC-nin adlarını bilmədiyim 3 əməkdaşını gördüm. Onlardan biri Vaqif mənə “Azərişıq” QSC-nin əməkdaşları olduğunu dedi. Yaşadığım evə ümumi işıq enerji xəttindən əlavə xətt ayırdığını bildirdi və aktlaşdırmalı olduqlarını dedi.  

Lakin bunun cəriməsinin yüksək olduğunu və pislik etmək istəmədiyi üçün öz aramızda bu məsələni həll edə biləcəyimizi təklif etdi. Həmin vaxt Vaqifə təzəlikcə pul verdiyimi və neçə aydı gəlib-getdiklərini dedim. Bu vaxt qurumun əməkdaşları səs-küy salaraq mənimlə mübahisə etməyə başladılar. Vaqif məni itələdi və dedi ki, sən bilirsən mən kiməm?!” 

Mübariz daha sonra ifadəsində bildirib ki, heç kimə xəsarət yetirməyib və “Azərişıq” QSC-nin əməkdaşıları ilə mübahisə edərkən üzərində bıçaq olmayıb.  

Zərərçəkmiş Vaqifin sözlərinə görə, "Azərişıq" ASC-nin Şimal RETSİ Sumqayıt Elektik Şəbəkəsi Enerji satış şöbəsində aparıcı mühəndisi vəzifəsində çalışır və ona təhkim olunmuş ərazi Sumqayıt şəhəri 9 və 13-cü mikrorayonlardır:  

“Aparıcı mühəndis kimi işim abonentlərin sayğacının düzgün işləyib-işləməməsi, uçot komplektinin yoxlanılması, abonentlərin işıq elektrik enerjisi israfına görə aylıq borcları barədə bildirişlərin verilməsi və digər işlərdən ibarətdir”.  
Zərərçəkmiş deyib ki, dekabrın 13-də saat 18 radələrində nəzarətçi mühəndis ilə hadisə baş verən ünvanda elektrik enerjisinin istifadə qaydalarının pozuntusunu aşkar ediblər:

“Yəni, sayğacdan kənar enerjidən istifadə edilməsi məlum olub. Həmin mənzilin sahibi Eldar adlı şəxsə zəng vuraraq mənzilində elektrik enerjisinin istifadəsinin sayğacdan deyil, birbaşa paylayıcı faz xəttindən kənar xətt götürərək elektrik enerjisini sayğacdan kənar istifadə olunması barədə məlumat verdik.  

Eldar həmin mənzildə yaşamadığını və mənzili kirayə verdiyini dedi. Eldarla telefonla danışdıqdan təxminən 5-10 dəqiqə sonra elektrik enerjisinin hazırda elektrik hesabat sayğacından deyil, birbaşa kənar xətt çəkərək mənzildə elektrik enerjisindən istifadə edilməsi faktını şəxsən aşkar etdik.  

Bundan sonra digər işçilərlə mənzilin qapısını döydük, elektrik enerjisinin istifadə qaydalarını pozulması barədə məlumat vermək istədik”.  

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxs qapını açaraq onları təhqir etməyə başlayıb:

“Bizim küçəyə düşməyimizi tələb etdi. Bizimlə söhbəti olduğunu bildirdi. Mübarizin geri qayıdaraq bıçaq gətirməyini gördük. Bu səbəbdən küçəyə qayıtdıq. Binanın 2-ci mərtəbəsində olarkən Mübarizin əlində olan bıçaqla üzərimə gəldiyini gördüm. Bıçaqla sol kürəyimə iki dəfə zərbə vurdu.
Mübariz üçüncü zərbəni vurmaq istəyərkən orada olan digər işçilər araya girdilər, onun əlindən bıçağı almaq istədilər. Bu zaman bıçaq digər işçinin gödəkçəsini deşdi. Mübarizin məni bıçaqla vurmasını arvadı və həmin binada yaşayan orta yaşlı, bəstəboy bir kişi də görüb”.  

Məhkəmənin hökmü ilə M.Mahmudov 1 il 7 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.  

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından azad edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO