“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2022-ci il mərhələsinin bağlanış və qaliblərin təltif edilməsi mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən İƏT Gənclər Forumu ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov Azərbaycan gənclərinin liderlik qabiliyyətini artırmaq üçün son illərdə İƏT Modelinə olan marağın artmasından danışıb.
O, indiyədək 1000-ə yaxın məzunun olmasından, bu il 600-ə yaxın gəncin müraciət etdiyi proqramın 30-dan çox İƏT ölkəsində uğurla həyata keçməsindən bəhs edib.
Sonra çıxış edən Xarici İşlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-İƏT münasibətləri, xüsusilə, bu ilin mart ayında İƏT Xarici İşlər Nazirlərinin 48-ci sessiyasında Azərbaycan xarici siyasətinin əldə etdiyi uğurlardan danışıb.
O, “İƏT Modeli” proqramının milli diplomatik kadrların yetişməsinə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib və bu sahədə İƏT Gənclər Forumu ARM-nin gördüyü işlərə yüksək qiymət verib.
Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva isə çıxışında layihənin tərəfdaşı kimi təmsil etdiyi nazirliyin İƏT Modelinə göstərdiyi dəstəkdən, qeyri-formal təhsilin gənclərin inkişafındakı rolundan bəhs edib.
O, gələcəkdə nazirliyin “Gənclər Siyasəti”ni həyata keçirmək istiqamətində İƏT Gənclər Forumu ARM ilə əməkdaşlıq edəcəyini qeyd edib.
Diplomatik korpus adından danışan Fələstinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim “Azərbaycan gəncliyi üçün uğurlu platforma” adlandırdığı bu layihədə iştirak etməyindən şərəf duyduğunu deyib.
O, simulyasiya oyunlarında müzakirə edilən mövzuların vacibliyini nəzərə çatdırıb, gənclərə uğurlar arzu edərək, onları kreativ ideayalara və kritik düşüncəyə açıq olmağa çağırıb.
Daha sonra Azərbaycanda akkreditə olunan İƏT səfirliklərinin nümayəndələri bu ilin may ayının 15-də layihə çərçivəsində baş tutan “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarının finalçılarını sertifikat və hədiyyələrlə təltif ediblər.
Bizim.Media