Ötən həftə Paşinyan Ermənistanın ilk peykinin orbitə qaldırılması ilə bağlı açıqlama verib. Onun bu açıqlamasından sonra Ermənistan cəmiyyətində ciddi fikir ayrılıqları yaranıb. Səbəb isə ondan ibarətdir ki, heç bir ciddi peyk qurumlarında Paşinyanın səsləndirdiyi peykin həqiqətən Ermənistana məxsus olması haqqında qeyd yoxdur.
Bizim.Media xəbər verir ki, Ermənistanın yeni peyki ilə bağlı araşdırma aparan Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz bir sıra maraqlı faktları aşkara çıxarıb:
“Ermənistana məxsus olduğu iddia edilən, yerin müşahidə peykinin “Spaсe X” tərəfindən orbitə qaldırıldığı bildirilir. Lakin həmin qeyd olunan tarixdə “Space X” Almaniyanın Exolaunch şirkətinin “Exolaunch Transporter-5” proqramı çərçivəsində hazırladığı onlarla kiçik ölçülü peykləri orbitə qaldırıb. Bu peyklərin məxsus olduğu ölkələrin adları da qurumun rəsmi saytında açıqlanıb, orada Ermənistanın adı yoxdur. Həmin siyahıda Ermənistanın iddia etdiyi “Urdaneta - ArmSat1” peykinin isə əslində İspaniyaya məxsus olduğu görünür.
MÖVZU İLƏ BAĞLI:
İyunun 3-də Ermənistanda nə baş verəcək? - TƏFƏRRÜAT
Yəni peyki hazırlayan Exolaunch bildirir ki, peyk İspaniyanın Santlantis şirkəti tərəfindən sifariş edilib. Santlantis isə bildirir ki, peyk banklardan götürülən kredit əsasında hazırlanıb.
Paşinyan isə peykin Ermənistanın Geokosmos qurumu ilə həmin Santlantis arasında baş tutan əməkdaşlıq çərçivəsində hazırlandığını bildirir. Beləliklə, buradan belə qənaətə gəlmək olur ki, adı çəkilən peyk İspaniyanın Santlantis şirkətinə məxsusdur, Santlantis şirkəti tərəfindən idarə olunur və Ermənistan yalnız icarə ilə onun xidmətlərindən bəhrələnə bilər”.
Ekspert şirkətin peykin göstəriciləri ilə bağlı məlumatlarının da absurd olduğunu qeyd edib:
“Santlantis şirkətinin saytında yerləşdirilən “Urdaneta –ArmSat1” peykinin parametrlərinə baxdıqda isə təəccüblənməmək mümkün deyil. İlin-günün bu vaxtında 1.65 mm ayırdetmə parametrinə məxsus peyk hazırlamaq absurddur. Anlaşıqlı olaraq bu o deməkdir ki, peykin “iSIM-90” kamerasının yerə göndərdiyi fotolarda, hansısa obyektin və ya hədəfin 1.65 sm-i təsvirdə 1 nöqtə(piksel) olaraq görünəcək.
Xatırlayıram ki, hətta 1m ayırdetmə qabiliyyəti 2000-ci illərin əvvəllərinə məxsus olub.
Ayırdetmədə hətta 1sm də mühüm əhəmiyyət kəsb edir. Hansı ki, məhz bununla, piksellərin sayı ilə, yerə ötürələn təsvirin, anlaşıqlı desək, tank yoxsa avtomobil olduğunu müəyyən etmək olar. Azərbaycana məxsus, az qala 10 il bundan öncə hazırlanan AzerSky peykinin ayırdetməsi isə 1.5 m-dir. İndiki zamanda hazırlanan bu tip müşahidə peyklərinin ayırdetməsi isə təxminən 10-15 sm-dir. Google xəritələrində isə bu parametr təxminən 15 sm-dək dəyişə bilir”.
Osman Gündüzün sözlərinə görə, qeyd olunan peykin hərbi məqsədlər üçün istifadəsi də mümkün görünmür:
“Beləliklə, Paşinyanın Ermənistama məxsus olduğu bildirilən peyk, əslində İspaniyaya məxsusdur, Ermənistan sadəcə onu icarəyə götürüb və hərbi məqsədlər üçün istifadəsi də ağlabatan deyil. Güman etmək olar ki, Ermənistan bu peykdən məhz hazırda Ermənistan –Azərbaycan sərhəddində aparılan delimitasiya işlərində istifadə etmək niyyətindədir.
Ermənistanın nə dərəcədə bundan bəhrələnə biləcəyini isə zaman göstərəcək.
Cəmi 5 il ömrü olduğu bildirlən, 15 kq çəkisi olan bu tip peyklərin çox az bir vəsait (bir neçə yüz min dollar) xərcləməklə hazırlamaq mümkün olsa da, Ermənistanın buna 5 mln dollar xərcləməsi də ciddi narazılıq yaradıb.
Heç bir beynəlxalq peyk qurumlarında adı getmədən, heç bir peyk idarəetmə mərkəzinə malik olmadan Paşinyanın bu cür açıqlama verməsini isə erməni mediası “Ermənistan da kosmos ailəsinin üzvüdür” demək üçün edildiyini yazırlar”.
Murad Əhmədov, Bizim.Media