“Türkiyənin KTMT-yə üzv olmaq nəyinə lazımdır? Türkiyə NATO kimi bir təşkilaıtn üzvüdür. Dünyanın ən qüdrətli hərbi-siyasi dövlətlərilə müttəfiqdir. KTMT hərbi qüdrəti sıfır olan Ermənistan, Tacikistan və Qırğızıstan, sağ qalmağa çalışan Qazaxıstan və Ukraynada müharibədə məğlub olmuş, hərbi sənayesi, elmi, texnologiyası, hər şeyi badə gedən Rusiyadan ibarətdir. Türkiyəyə onlarla bir hərbi alyansda olmaq lazımdır? Əlbəttə ki, yox”.
Türkiyənin KTMT-yə dəvət olunması ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən politoloq Zərdüşt Əlizadə belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyadan Türkiyəyə TƏKLİF: "KTMT ilə əməkdaşlıq barədə düşünün"
Zərdüşt Əlizadə hesab edir ki, sadəcə olaraq belə bir təklif Rusiyanın əhalisini sakitləşdirmək, ölü qurum barədə müsbət fikir formalaşdırmağa hesablanmış siyasi təbliğat addımıdır:
“Ola bilsin, Ərdoğan belə bir təklifin real olmadığını anlasa da, onun səslənməsinə etiraz etməyib. Belədə, Ərdoğan NATO ilə sövdələşəndə bu kozırdan da yararlana bilər. Bu hardasa Türkiyə üçün siyasi bonusdur. Əslində, Ankaranın NATO üzrə müttəfiqlərindən hərbi silah, Türkiyənin daxili təhlükəsizliyinə münasibət məsələsində istədiyi çox şeylər var. Qərb özü bir tərəfdən, Türkiyəni müttəfiq adlandırır, digər tərəfdən onu parçalamaq istəyən separatçı qüvvələrə hərbi, siyasi, mənəvi, maliyyə dəstəyi verir. Yəni Qərb dövlətləri də kifayət qədər riyakardır”.
Rüfət Sultan, Bizim.Media