İlon Maskın “pulsuz internet”ı Azərbaycanda yalan çıxdı – Starlinkə niyə QOŞULA BİLMƏRİK?

İlon Maskın “pulsuz internet”ı Azərbaycanda yalan çıxdı – Starlinkə niyə QOŞULA BİLMƏRİK?

Hazırda oxunan: İlon Maskın “pulsuz internet”ı Azərbaycanda yalan çıxdı – Starlinkə niyə QOŞULA BİLMƏRİK?

74926

Azərbaycanda 2023-cü ildən Elon Maskın Starlink internet servisi aktiv ediləcək. İnternet servisinin aparatının 500 dollar, şəbəkədən istifadənin isə aylıq 100 dollar olacağı gözlənilir. 

Xəbər adi azərbaycanlı üçün çox şaşırdıcıdır. Yəni, buna neçə faiz əhalinin imkanı var ki? Yaxud, bu qədər bahalı və yeni internet servisinin Azərbaycanda quraşdırılması nə dərəcədə düzgündür?

Texnobloqqer Asif İbrahimov Bizim.Media-a verdiyi məlumatda bu internet servisinin böyük şirkətlər üçün faydalı olacağını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda internetlə bağlı əhaliyə ŞAD XƏBƏR: 2024-cü ildən... - VİDEO


“Ya şirkətlər özləri istifadə edəcək, ya da peyki və ya ötürücünü alıb daha aşağı qiymətə insanlara paylayacaqlar. Bu gün ölkədə fərdi bir şəxsə bu qiymətə internet servisi lazım deyil. Starlink-in ofislər üçün istifadəsi daha məqsədəuyğundur”.

İT mütəxəssisi Həsənağa Azadın sözlərinə görə isə yeni bir internet servisini ölkəyə gətirməzdən əvvəl aktual problemləri həll etmək lazımdır.

“Ölkədə internetin səviyyəsinin aşağı olmasının başlıca səbəbi provayderlərin müştərilərə köhnə, müasir tələblərə cavab verməyən modem və routerlər təklif etməsidir. Sıravi müştəri bilmir “router” nədir, “modem” nədir, “2.4 Ghz dalğası” nədir, “5 Ghz” nədir, “WiFi 6” texnologiyası nədir... İnternet üçün cihazlar çox inkişaf edib, müxtəlif parametrlər və növlər ilə fərqlənirlər. Sıravi müştəri bunları bilməli də deyil, o müraciət etdiyi internet provayderinə güvənmək istəyir və onun tövsiyyəsini dinləyir.

Provayderlər isə müştəriyə köhnə, müasir tələblərə cavab verməyən 15-20 manatlıq bəzən isə pulsuz modemlər təklif edirlər və müştərini razı salırlar ki, adi ev üçün bu cihaz yetərlidir. Müştəri internet problemi ilə üzləşdikdə isə texniki şöbə "modeminizi dəyişin" və ya "daha bahalı modem alın" ifadələri ilə problemdən yayınmağa çalışır”.

Ekspert qeyd edir ki, provayderlər müştərilərdən sui-istifadə edir. Provayder özü müştərinin məlumatsızılığından istifadə edərək ona problemli cihaz verir, müştəri şikayət edəndə isə məsuliyyətdən yayınır:

“Bəzi hallarda isə, ümumiyyətlə, müştəriyə tarifi dəyişməsi məsləhət görülür. Həmçinin provayderdən uzaqlaşma şərtləri də çətin olduğu üçün və provayderlər heç bir kəsintiyə və cihazların nasazlığına görə məsuliyyət daşımadıqları üçün internet istifadəçisi bərbad internetə sadəcə dözməli olur. Çünki bilir ki, provayderi dəyişəcəyi halda da yenə eyni problemlərlə üzləşəcək. Ona kömək edən, onun problemini dinləyən, onu məlumatlandıran yoxdur”.

Digər bir qulaqardı edilən məsələ internet sürətinin çox zəif olması ilə bağlıdır.

“Bir çox yaxın ölkələrdə daha aşağı qiymətə daha sürətli internet xidməti əldə etmək olar. Məsələn, Rusiyada MTS aylıq 500 rubl (13.25 AZN) qiymətinə 200 Mbit sürətli tarif təklif edir. Ukraynada Kyivstar 250 grn (14.38 AZN) qiymətinə 100 Mbit təklif edir. Başqa ölkələrə də baxsaq, daha yaxşı şərtlərlə tanış ola bilərik. Amma Azərbaycanda 18 AZN qiymətinə cəmi 36 Mbit əldə edirik. Niyə qiymət daha bahadır və niyə sürət daha aşağıdır? Bu sualların cavabını mən nə qədər axtarsam da, tapa bilmədim. Öz peyklərimiz də var, bütün növ təchizatlarımız da var, yəni texniki cəhətdən bu tam mümkündür. Niyə bu problemlər aradan qaldırılmır?”

Həsənağa Azad Starlinklə bağlı düşünür ki, qiymətlər hər nə qədər baha olsa da bizim ölkədə bu texnologiyaya uyğun müştərilər olacaq:

“Texnoloji şirkətlər, banklar, korporasiyalar Starlink texnologiyasını da sınaqdan keçirəcəklər. Təbii ki, bu sıravi insanlara da təsir edəcək və yerli provayderlər rəqabət üçün dəyişikliklər etməyə başlayacaqlar”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO