Azərbaycanda kişi müəlimlərin sayının qadınlara nisbətən az olması məsələsi hələ də aktual problem kimi gündəmdə qalmağa davam edir. Statistikaya əsasən, ölkənin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 83 faizinin qadın, 27 faizinin isə kişilər təşkil edir. Bu da olduqca aşağı faizdir. Hətta Təhsil naziri Emin Əmrullayev verdiyi açıqlamalarda kişi müəllimlərin sayının az olmasından narazılığını ifadə edərək, gələcəkdə problemlər yarada biləcəyini də qeyd edib.
Demək olar ki, məktəblərdə kişi müəllimlər artıq barmaqla sayılası qədərdir...
Təhsil eksperti Kamran Əsədov da bu faktı Bizim.Media-ya təsdiqləyərək kişi müəllimi çatışmazlığının oğlan şagirdlərə mənfi təsir göstərdiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda müəllim öz evini məktəbə çevirdi - VİDEO
“Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Hazırda təhlükə yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məktəbə qədər ancaq qadın müəllimlərin, evdə də analarının təsiri altında formalaşırlar ki, bu da onların xarakterinə təsirsiz ötüşmür.
Biz 1980-ci illərə nəzər salsaq, görərik ki, kişi və qadın müəllimlərin sayı 50/50-ə idi. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Müstəqilliyimiz bərpa olunduqdan sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı”,- deyən ekspert maaş azlığından kişilərin bu sahəyə marağının azaldığını dilə gətirib.
İqtisadçı ekpert Eldəniz Əmirov isə şəxsi sosial hesabında sözügedən məsələ ilə bağlı “Qaytarın, kişiləri məktəblərə” adlı statusunda etirazını bildirib. O, həmçinin kişi müəllimlərin maaşlarında artım olunmasının vacibliyini ön plana çəkib:
“Müəllimlərin hamısının getdikcə qadınlardan ibarət olması bizim xalqa 20-30 il sonra qaça bilməyəcəyi ciddi bir problemlər yaşadacaq. Məktəblərə kişi müəllimləri qaytarmaq üçün, siniflərdə kişi görmək üçün müəllimlərin əmək haqqına mütləq yenidən baxılmalıdır. Heç bir kişiyə məcburi demək olmaz ki, al bu 500 manatı, gəl müəllim işlə. Ya ciddi maaş artımı, ya da əlavə stimullaşdırıcı addımlar vasitəsilə mütləq müəllim kontingentinin cins tərkibinin qadınlaşmasını əngəlləmək lazımdır.
6 yaşdan başlayaraq 11 il ancaq qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?! Hələ vay o günə ki evdə də kişi tərbiyəsi, kişi davranışı görməyə.
Bu bizim bu gün gözlə görə bilmədiyimiz, amma bir müddət sonra millətin deqredasiyasına nədən olacaq, çox qorxulu tendensiyadır. Qaytarın, kişiləri məktəblərə!”-, deyə E.Əmirov fikrini tamamlayıb.
Səkinə Yusibli, Bizim.Media