Marşrut məlumatları Google Maps-dan silindi: BNA özəl qurumu niyə CƏZALANDIRIR? 

Marşrut məlumatları Google Maps-dan silindi: BNA özəl qurumu niyə CƏZALANDIRIR? 

Hazırda oxunan: Marşrut məlumatları Google Maps-dan silindi: BNA özəl qurumu niyə CƏZALANDIRIR? 

73679

1 aydan çoxdur ki, Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarının Google xəritəsindən, yəni Google-nin Bakı üçün ictimai nəqliyyat naviqasiyasının ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Məlumatın mənbəyi isə, xeyli vaxtdır bu işlə könüllü olaraq məşğul olan “Transit for Baku” (TFB) layihəsinin komandası olub. Onlar bununla bağlı internetdə açıqlama da yayıblar. 

Artıq mayın 10-dan etibarən yayılan xəbər təsdiqini tapıb. İndi A nöqtəsindən B nöqtəsinə getmək üçün hansı marşrut xəttindən istifadənin lazım olduğunu öyrənmək üçün müraciət etdiyimiz “google maps” də heç bir məlumat görsənmir. Bir sözlə desək, yollara nabələd olan adamlar gedəcəyi yeri tapmasalar, azmağa hazır olsunlar...

Bizim.Media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bir müddət öncə “Google Maps”in nəqliyyat komandası ilə də danışıqlar aparıldığını, alternativ olaraq isə bu tip məlumatların hazırda yalnız BNA-nın alo141.az saytında və mobil versiyasında mövcud olduğunu bildirib. Lakin məsələ hələ də həllini tapmayıb. 

Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüzün fikrinə görə, qlobal xəritələrdən bu məlumatların yığışdırılması azuolunmazdır və BNA dərhal vaxtında bu məsələyə reaksiya verməli idi:

“Düşünmək olar ki, “Transit For Baku” könüllü qurumu zəruri məlumatları emal oluna biləcək səviyyədə BNA-dan əldə etməkdə çətinlik çəkirlər.

Digər üsullarla bu məlumatları əldə edib yenidən emal edərək Google resursuna inteqrasiya etmək isə təbii ki, əlavə resurslar tələb edir. Görünür ki, qurumun BNA ilə partnyorluğunda problemlər yaranıb. Əlbəttə, global xəritələrdən bu tip məlumatların yığışdırılması ölkəmiz üçün arzuolunan deyil. Gərək BNA zamanında bu məsələyə reaksiya verəydi ki, məlumatlar silinəcək səviyyəyə çatmayaydı”.

Osman Gündüz həmçinin ölkədə ictimai nəqliyyat məlumatlarının “Google Maps” üzərindən verilməsinin davam etdirilməsi üçün BNA-nın atmalı olduğu addımları diqqətə çatdırıb:

1. BNA bir çox ölkələrdə olduğu kimi ictmai əhəmiyyət kəsb edən məlumatları özü Google Maps-a təqdim etməlidir. Bunun üçün qurum Google şirkəti ilə əməkdaşlıq etməli və xidməti təqdim edən strukturlarla partnyorluq müqaviləsi imzalamalıdır.

2. BNA Transit For Baku könüllü komandası ilə müqavilə imzalamalı, adı çəkilən məlumatların emal oluna biləcək səviyyədə TFB qurumuna verilməsi təmin edilməlidir.

“Yeri gəlmişkən, əslində bu tip problem digər dövlət qurumlarına da xasdır. 

Söhbət açıq məlumatlardan, emal oluna biləcək səviyyədə məlumatların dövlət qurumları tərəfindən açıqlanmasından gedir. Məsələn, BNA hansısa marşrut dəyşikliyini, hansısa xəbərin-press relizin içərisində deyil, emal oluna biləcək səviyyədə açıqlamalıdır”, - deyə qeyd edən O.Gündüz Açıq Məlumatlar haqqında qanunun qəbul edilməməsinə görə də təəssüfünü bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO