Bakının 164 saylı rusdilli məktəbində aşağı sinif şagirdlərinin yaxasına “Georgi lenti” yapışdırılaraq 9 may – Qələbə günü tədbiri keçirilib. Qeyd edək ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab olunur. Tədbir tapşırığını verən məktəbin direktoru Kəmalə Qədirova olub.
Bizim.Media xəbər verir ki, “Georgi lenti” bu gün bir sıra postsovet ölkələrində, Latviya, Litva, Estoniya və Moldovada qadağan olunub.
MÖVZU İLƏ BAĞLI:
Rus mərkəzinin Bakıda planlaşdırdığı "Georgi lenti" aksiyası niyə 30 aprelə TƏYİN OLUNUB? – ETİRAZ
Baş vermiş hadisə ilə bağlı millət vəkili Fazil Mustafa kəskin mövqe ortaya qoyub.
“Maraqlıdır, bunu yayan hansı başıboşlardır? Bunu yayan hansı müstəqilliyin mahiyyətini anlamayanlardır? Sizin xarici ölkənin hansısa medalını, hansısa bir tədbirinin, hansısa bir tarixinin, dəyər verdiyi günü və yaxud bir simvolikanı bizim Azərbaycana nə dəxli var? Yəni bu hansı əldir uzanıb məktəblərə? İşğalçılıqla bağlı tarixi hadisələr üzərindən yenidən həmin şüuru oyatmağa xidmət edən davranışı göstərməyə meylli qüvvələr hansılardır? Bunları ciddi aydınlaşdırmaq lazımdır. Əgər bunu bir məktəb direktoru edirsə, bunun heç bir məntiqi izahı yoxdur, deməli, savadsızdır, bilmir, siyasi cəhətdən yetkin deyil. Yox, bir müəllim belə hərəkət edirsə, siyasi naşılığın böyük bir nümunəsidir. Konkret olaraq belə bir fakt baş verirsə, buna ciddi reaksiya verilməlidir”.
Fazil Mustafa “Georgi lenti”nin Azərbaycanda istifadəsini sərt tənqid edib:
“Azərbaycanın simvolikasımı yoxdur, yoxsa Azərbaycanın hansısa bir dəyərimi yoxdur? Müstəqilliyə zidd ola biləcək, hər hansısa bir şəkildə bir simvolla qabartmağın kimə nə xeyiri var? Nə məqsəd güdülür?
Ona görə də bu məsələ üzərində çox ciddi bir narahatlıq ifadə olunmalıdır. Bunun təbliğatı ilə məşğul olan qüvvələrin məqsədyönlü şəkildə ya da naşılıqdan bunu etdiyi üzə çıxarılmalıdır. Elə naşılıqdan da olsa, bu biabırçılıqdır, məqsədyönlü şəkildə də olsa, təhlükədir”.
Millət vəkili “Georgi lenti”nin Azərbaycana haradan gəlməsi məsələsinə də şübhəli yanaşıb:
“Heç Azərbaycan əhalisinin böyük əksəriyyəti bunun nə olduğunu anlamır, bilmir. Bunu kim gündəmimizə gətirir, hansı məqsədlə gətirir, aydınlaşdırmaq lazımdır.
Məktəbdə uşaq nə anlayır “Georgi lenti” nədir?! Əksinə sən mahiyyəti barədə məlumat versən, uşaq onu tullayıb atacaq. Bu ciddi düşündürücü, narahatedici məsələdir, rəsmi şəxslər mütləq reaksiya verməlidir”.
Mia Quliyeva, Bizim.Media