Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası İcbari Sığorta Bürosunun internet resursları kiberhücuma məruz qalıb. Hücumun şəxsiyyəti məlum olmayan, lakin iranlı olması ehtimal olunan “AngryBoy” təxəllüslü haker tərəfindən həyata keçirildiyi bildirilir. Hakerin “DarkNet” internet resurslarında yaydığı məlumatlara əsasən İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur.
Bizim.Media-nın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətidə böyük miqyaslı kiberhücuma məruz qalıb. Hücum nəticəsində xidmətin məlumat bazasından milyonlarla fərdi məlumatların oğurlandığı bildirilir.
Məlumatlara görə, kiberhücumların əsas hədəfi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Fərqlənmə nişanı”nın alınması üçün nəzərdə tutulmuş onlayn platforması (e-fn.danx.gov.az) olub.
İranlı olması ehtimal olunan Haker tərəfindən həyata keçirilən kiberhücum nəticəsində milyonlarla fərdi məlumatların ələ keçirilərək “DarkNet”-də satışa çıxarıldığı iddia olunur
MÖVZU İLƏ BAĞLI:
İcbari Sığorta Bürosuna kiberhücum - 40 milyondan çox məlumat oğurlanıb - TƏCİLİ - FOTO
İstifadəçilərin anonimliyini təmin edən və axtarış sistemlərində tapılmayan virtual məkan “DarkNet”, narkotik və silah satışından, çirkli pulların yuyulması, oğurlanmış məlumatların satışı və pornoqrafiyaya qədər bir çox zərərli məhsulların “qara bazarı” rolunu oynayır.
Ələ keçirilmiş və daha sonra satışa çıxarılmış məlumatlar içəsində Azərbaycan vətəndaşlarına məxsus sürücülük vəsiqələrinin seriya və nömrələri, vətəndaşların ad, soyad və ata adı, qeydiyyat ünvanı, mobil nömrə, ş/v-nin FİN kodu olduğu bildirilir.
Qeyd edək ki, bu hücum son illərdə Azərbaycan dövlət qurumlarına və informasiya resurlarına yönəlik böyük kiberhücumlar sırasındadır. Daha əvvəllər də İran və Ermənistan mərkəzli haker qrupları tərəfindən bir sıra dövlət qurumlarının məlumat bazalarına yönəlik hücumlar həyata keçirilib. Xüsusilə 44 günlük müharibə dövründə bu cür hücumların geniş vüsət aldığı müşahidə olunub.
Kiberhücumların qarşısının alınması və məlumat sızıntısının əngəllənməsi bır sıra dövlət qurumlarının informasiya təhlükəsizliyi və məlumat bazalarının mühafizəsi sahəsinə daha ciddi yanaşmalarını şərtləndirir.
Məlumat bazalarının mühafizəsi və mümkün hücum ehtimallarının aradan qaldırılması, o cümlədən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyi bu qurumların məsuliyyətindəki məsələlərdir.
Məsələyə açıqlama gözlənilir.
Linklər
//nulled.to/topic/1395636-azerbaijan-citizen-data-exfiltrated
//www.nulled.to/topic/1396341-hacking-azerbaijan-systems-is-being-continued/
Bizim.Media