Güclü küləkdən zərər çəkənlərə KOMPENSASİYA ödəniləcəkmi? - ŞİKAYƏT

Güclü küləkdən zərər çəkənlərə KOMPENSASİYA ödəniləcəkmi? - ŞİKAYƏT

Hazırda oxunan: Güclü küləkdən zərər çəkənlərə KOMPENSASİYA ödəniləcəkmi? - ŞİKAYƏT

68109

Ötən günkü güclü küləkdən zərər çəkənlərə kompensasiya ödənilməsi məsələsi gündəmə gəlib. Xəbər verildiyi kimi hava şəraiti ilə əlaqədar 7 nəfər xəsarət aldı, iki məktəb damı uçdu və 35 ağac aşdı. Üstəlik rəsmi açıqlanmayan bir neçə avtomobilə də ziyan dəydi. Hansı ki, həmin avtomobil sahibləri sosial şəbəkələr vasitəsilə aidiyyəti qurumlardan kompensasiya məsələsində kömək istəyirlər. 

Güclü küləkdən zərər görənlərdən biri də Yasamal rayon sakini Elçin Həsənovdur. 

Bizim.Media-ya məsələ ilə bağlı müraciətində şikayətçi bildirib ki, Şəfayət Mehdiyev küçəsi 83 ünvanında, “Lider” TV binasının avtodayanacağında saxladığı avtomobilinə küləyin törətdiyi fəsadlardan ciddi ziyan dəyib.

Belə ki, binanın üzlüyündən qopan daş parçaları avtomobili müxtəlif yerlərdən əzib. Xoşbəxtlikdən ərazidə insan olmasa da, küləyin qopardığı digər daş parçaları da əraziyə səpələnib. 
 

MÖVZU İLƏ BAĞLI:

Güclü külək Bakıda 9 nəfərə xəsarət yetirdi


Şikayətçinin sözlərinə görə hadisə baş verəndən sonra Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmlak Komitəsi, Yasamal Rayon icra Hakimiyyəti ilə əlaqə yaradıb.

Sözügedən qurumlar zərər görən vətəndaşın nəinki şikayətinə məhəl qoyublar, üstəlik məsuliyyəti də boyunlarından atıblar:

“Hadisədən sonra təhlükəli ərazini əhatəyə alınmaları və kompensasiya məsələsinin həlli üçün Fövqəladə Hallar Nazirliyinə yığdım. Nazirlikdən isə  güclü külək səbəbindən baş vermiş ziyana görə nə kompensasiya ödəmək səlahiyyətinin onlarda olduğu, nə də belə bir komissiyanın yaradıldığı bildirildi. Məni isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Mərkəzinə yönəltdilər. Hidrometrologiya Mərkəzindən isə onların yalnız hava haqqında məlumat vermək kimi bir vəzifələrinin olduğu qeyd edildi. Yenidən Fövqəladə Hallar Nazirliyi və  Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb, ərazinin təhlükəli olduğunu, hər an bədbəxt hadisə yaşana biləcəyini qeyd etdim. Ondan sonra gəlib ərazini lentlə əhatəyə aldılar”.

Şikayətçi avtomobilinə dəyən ziyanın 700-800 manat məbləğində olduğunu açıqlayıb:

“Həmin dayanacaqda təxminən 20-yə yaxın avtomobil olub. Amma yalnız mənim maşınıma ziyan dəyib. Avtomobilin hər yeri əzik-üzükdür, qapıları batıb. Oturduğun yerdə əlavə xərcə düşmək buna deyərlər. Məsələ burasındadır ki, zərər görən vətəndaşa bu məsələdə kompensasiya ödəyən də yoxdur. Ümumiyyətlə əlaqə saxladığım qurumların heç biri tutarlı cavab vermir. Ən azından bildirsinlər ki, avtomobili özüm təmir etdirməliyəm, ya necə...Axı belə vəziyyətlərdə xüsusi komissiya yaradılır və vətəndaşlara dəymiş zərərlər ödənilir. Amma biz heç qurumların özlərinə çıxış edə bilmirik”.

Maraqlıdır, təbii fəlakətlərdən zərər çəkən vətəndaşlara dövlət tərəfindən kompensasiya ödənilirmi? Ümumiyyətlə bu məsələ necə tənzimlənir? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasınınn üzvü Əsabəli Mustafayev qeyd edib ki, bir vətəndaşa dəymiş zərərə görə dövlətin hansısa kompensasiya verməsi inandırıcı görünmür:

“Əgər bu kütləvi xarakter daşısa, o zaman Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradılmalı və dəymiş ziyan hesablanmalıdır. Digər tərəfdən daş parçası düşən bina ilə bağlı da konkret ekspertiza və mütəxəssilər cəlb olunaraq araşdırma aparılmalıdır. Sübut olunsa ki, binanın üzlüyü köhnəlmiş, qəza vəziyyətindədir və güclü külək onun qopmasına təkan verib, bu halda vəziyyət dəyişir.
 

Amma təbii fəlakətlərdən dolayı vətəndaşa zərər dəyibsə, həmin mülkiyyət sahibi  məsuliyyət daşımayacaq.


Ən yaxşı halda zərər çəkən vətəndaşa kompensasiya sığortaçı tərəfindən ödənilə bilər. Avtomobilin sığortası varsa, müqavilədə əks olunan müəyyən müddəlara görə zərəri qarşılanmalıdır. Yəni bu, sığorta müqaviləsinin məzmunundan asılıdır”. 

Alçina Amilqızı, Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO