Xəbər verildiyi kimi “Azərbaycanda sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Tarif (qiymət) Şurası bu Qərarla təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində müəyyən etməlidir.
İctimaiyyətdə ciddi müzakirələr doğuran bu məsələ birmənalı qarşılanmayıb. Son vaxtlar ölkədə şirin su ehtiyatının azalması və qənaətlilik prinsipinin əsas götürülməsi fonunda belə bir məsələnin gündəmə gəlməsi su tariflərinə yenidən baxılması anlamına gəlir ki, bu da bilavasitə növbəti bahalaşmadan xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Suyun qiyməti UCUZLAŞIR? - “Azərsu”dan CAVAB
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli su tarifləri ilə bağlı problemin davamlı olacağını qeyd edib:
““Azərsu” ASC 2020-ci ildə dövlətə ödədiyi su pulundan 40 dəfə çox dövlət büdcəsindən pul alıb. Yəni, bu gün Azərbaycan vətəndaşının istifadə etdiyi 1 kub suyun qiyməti, hökümət nöqteyi nəzərdən baxanda 1 deyil, 40 manatdır. Sadəcə olaraq o 40 manatın 1 manatını Azərbaycan vətəndaşı ödəyir, 39 manatını isə dövlət ödəyir. Tarif Şurası isə bu qiymətlərin uyğunlaşdırılması üzərində “baş sındırır” , necə etsin ki, suya büdcədən çəkilən xərc azaldılsın. Beləliklə də, bunun bir yolunu suyun qiymətini artırmaqda görürlər. Yəni vətəndaşlardan yığılan vəsait çoxalsın. Bu isə doğru yol deyil. Əgər Tarif Şurasının tərkibində ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndəsi olanda bu məsələni orada qaldıracaq”.
Ekspertin sözlərinə görə sözsüz ki, “Azərsu” ASC-nin də xərclərində digər dövlət şirkətləri kimi çox ciddi şişirtmələr var:
“Bu şişirtmələr nəticəsində suyun pulu dövlətə bu cür baha başa gəlir. Halbuki problemin yolu bütün dövlət şirkətlərinin, o cümlədən “Azərsu” ASC-nin özəlləşdirilməsidir. Şirkəti ən azı 10-15 yerə bölüb, özəlləşdirmək lazımdır. Həmin rəqabət mühitində su neçəyə başa gələcəksə, onu bazar müəyynləşdirəcək. Bu yol seçilməyənə qədər su tarifləri ilə bağlı problem davam edəcək”.
Qeyd edək ki, hələ 1 il əvvəl, konkret desək 2021-ci ilin fevralında Tarif Şurası tərəfindən suyun qiyməti 2 dəfə qalxıb.
Bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.
Halbuki ondan əvvəl Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat idi.
Alçina Amilqızı, Bizim.Media