Əminə Ərdoğanın təşəbbüsü ilə valideynlərini itirmiş 159 ukraynalı uşaq Antalyaya gətirilib.
Bizim.Media xəbər verir ki, Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar bu barədə mediaya açıqlama ilə çıxış edib.
Səfir bildirib ki, ilkin mərhələdə Türkiyəyə 159 yetim uşaq gətirilib. Bu say artırıla da bilər. Bununla bağlı Türkiyə hökümətinə təşəkkür edən səfir çıxışında Ukraynadakı müharibədən əziyyət çəkən yetim uşaqların Türkiyə hökumətinin və hazırda Türkiyədə fəaliyyət göstərən ukraynalı iş adamlarının dəstəyi ilə Antalyadakı hotellərdən birinə yerləşdiriləcəyini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
“Ukraynada azı 1119 mülki şəxs həlak olub” - BMT
Qeyd edək ki, Ukraynadakı yetim uşaqların Türkiyəyə gətirilməsi ilə bağlı bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğana müraciət etmişdi.
Ukraynanın Ankaradakı səfirliyinin rəsmiləri uşaqların vəziyyəti ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə, Ailə və Sosial Xidmətlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə məlumat veriblər.
Rəsmi qurumların açıqlamasına görə, 159 uşaq və 26 xidmət personalı olmaqla ümumilikdə 185 nəfər Ukrayna vətəndaşı Polşadan Antalyaya gətirilib.
Leyla Şah, Bizim.Media