Avropa İttifaqının 27 dövlətinin liderləri cümə günü ittifaqın yaxın 5-10 il üçün nəzərdə tutulan “Strateji Kompas” adlanan ilk ümumi müdafiə və təhlükəsizlik strategiyasını təsdiqləyiblər.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının rəhbəri Şarl Mişel “Twitter” hesabından bilidirib.
“Bizi daha güclü müdafiə siyasətinə doğru istiqamətləndirəcək və müdafiə qabiliyyətimizi gücləndirəcək Strateji Kompası təsdiqləmişik”, - deyə o yazıb.
MÖVZU İLƏ BAĞLI:
Aİ-dən Rusiyaya XƏBƏRDARLIQ: “Cinayəti törədənlər cavab verəcəklər”
Bu həftənin əvvəlində sənəd Aİ xarici işlər nazirləri tərəfindən razılaşdırılıb.
Sənədin ön sözündə deyilir ki, Ukraynadakı münaqişə , dünyada baş verən geosiyasi dəyişikliklər Aİ-nin öz baxışını və maraqlarını qorumaq qabiliyyətini şübhə altına alır:
“Biz strateji rəqabət və mürəkkəb təhlükəsizlik təhdidləri, regionumuzda və onun hüdudlarından kənarda artan münaqişələr, silahlı təcavüzlər, qeyri-sabitlik mənbələri mühitində yaşayırıq ki, bu da böyük humanitar iztirablara və əhalinin yerdəyişməsinə səbəb olur.
Aİ yaranan böhranlara təkbaşına və ya tərəfdaşları ilə birgə cavab verə bilməlidir. Bununla bağlı “Strateji Kompas” 5000 nəfərlik korpusdan ibarət Avropa çevik reaksiya qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur”.
Aİ ölkələri “Strateji Kompas” adlı yeni müdafiə strategiyasının bir hissəsi kimi, həmçinin Vahid Müdafiə və Təhlükəsizlik Siyasəti çərçivəsində dənizdə və quruda müntəzəm birgə təlimlər keçirməli, hərbi mobilliyi artırmalı, mülki və hərbi missiyaları gücləndirməli olacaq.
Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri Cozef Borrelin izah etdiyi kimi , biz vahid Avropa ordusunun yaradılmasından danışmırıq.
"Biz Avropa ordusunun yaradılmasından danışmırıq. Avropa ölkələrinin orduları müstəqil şəkildə mövcud olmağa davam edəcək, lakin biz daha sıx qarşılıqlı fəaliyyət göstərməli, səylərimizi, xüsusən də büdcə məsələlərində koordinasiya etməli olacağıq", - deyə Konsepsiyaya rəhbərlik etdiyi Borrell bildirib.
Bizim.Media