Avropa İttifaqı Azərbaycanda yeni inklüziv peşə təlimlərinə başlayır

Avropa İttifaqı Azərbaycanda yeni inklüziv peşə təlimlərinə başlayır

Hazırda oxunan: Avropa İttifaqı Azərbaycanda yeni inklüziv peşə təlimlərinə başlayır

65528

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “vitraj işi” və “florist” ixtisas istiqamətləri üzrə ölkədə ilk dəfə olaraq qısamüddətli inklüziv peşə təlimləri həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, təlimlər Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) birgə təşəbbüsü ilə həyata keçirilir. Aİ-nin maliyyələşdirdiyi "Gələcək üçün peşə təhsili və təlimi" layihəsi çərçivəsində artıq tələbə qəbulu elan edilib.

İki ay müddətində davam edəcək təlimlər sözügedən peşə təhsil mərkəzində, eləcə də tərəfdaş müəssisələrin nəzdində təşkil ediləcək. 

Təlimlərə yuxarıda qeyd olunan istiqamətlər üzrə maraqlı olan şəxslər müraciət edə bilərlər. Təlimdə iştirak etmək istəyən şəxslər 3 aprel, 2022-ci il tarixinədək keçiddəki formanı tamamlayıb təqdim etməlidirlər: //bit.ly/3tnuJfv 

Seçim prosesi ərizə və müsahibə mərhələləri olmaqla icra ediləcək və bu mərhələləri uğurla keçən namizədlər təlimlərə iştirakçı qismində cəlb olunacaq. 

Qeyd edilməlidir ki, təlimlər ödənişsizdir və təlim proqramını müvəffəqiyyətlə bitirən şəxslərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət nümunəli sertifikatları təqdim ediləcək.

Təlim proqramı Azərbaycanda ömürboyu təhsil yanaşmasına dəstək olacaq və gələcəkdə həmin istiqamət üzrə təlim keçmiş qadın və kişilərə yeni məşğulluq imkanları yaradacaq. 
Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO