Son günlər əksər ekspertlər tərəfindən daşınmaz əmlak bazarında qiymət artımı ilə bağlı proqnozlar verilməkdədir. Sözügedən mövzuda əhali arasında da ciddi müzakirə gedir. Xüsusilə də, müharibə səbəbindən tikinti materiallarının daha da bahalaşmasının mənzil qiymətlərində özünü büruzə verməsinin qaçılmaz olduğu düşünülür.
Bəs, mənzil qiymətlərində artımın baş verməsi nə qədər realdır?
MÖVZU İLƏ BAĞLI:
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatında ARTIM
Mövzunu Bizim.Media üçün şərh edən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymət artımı hər il ənənəvi olaraq davam edir:
“Rusiya-Ukrayna müharibəsindən də əvvəl tikinti materiallarının qiymətlərində ciddi artım var idi. Bu pandemiyadan sonra daha çox baş verdi. Çünki pandemiya dönəmində Azərbaycana gətirilən tikinti materiallarının qiymətində artım oldu. Çünki həmin dövrdə nəinki Azərbaycanda, bütün dünyada iş yerlərinin bağlanması, işçilərin azalması, yol xərclərinin artması tikinti mallarının da qiymətinin artmasına gətirib çıxardı. İndiki vəziyyətdə Azərbaycanda istifadə olunan tikinti məhsulları həm Rusiya, həm də Ukraynadan gəlir. Əgər Ukraynadan dəmir məmulatları idxal olunursa, Rusiyadan daha çox məhsul alınır. Və bu iki ölkə arasında müharibə səbəbindən qiymətlərin daha da artması müşahidə olunur”.
Ekspert qeyd edib ki, qiymətin artması tam olaraq müharibə ilə bağlı deyil:
“Qiymətin artması ənənəvi olaraq davam edir. Məsələn, 2000-ci ildə Elmlər Akademiyası m/s yaxınlığında bir otaqlı, “Xruşovka” layihəli mənzil 5-6 min manat idisə, indi bu rəqəm 65-70 min manatdır. Zatən illər ərzində qiymətlər artmağa davam edir. Baş verən proseslər səbəbindən isə önümüzdəki aylarda yeni tikilməkdə olan binalarda qiymət artımının olması qaçılmazdır”.
Elnur Fərzəliyev qeyd edib ki, Bakı şəhərində tikintiyə yararlı torpaqların azalması və qiymətlərin kəskin baha olması da qiymət artımını tətikləyir.
Ekspert müharibə səbəbindən qiymətlərdə durğunluğun müvəqqəti olduğunu vurğulayıb.
Bildirib ki, tezliklə Rusiyadan və Ukraynadan köçüb gələn soydaşlarımızın ev bazarlarına baş vuracağı ehtimalı da qiymətlərə təsir edəcək. Bu proses qarşıdakı aylardan start götürəcək.
Murad Əhmədov, Bizim.Media