Avropa Birliyinin yeni sanksiyasında olan rusiyalı siyasətçilər, iş adamları, jurnalistlər – TAM SİYAHI

Avropa Birliyinin yeni sanksiyasında olan rusiyalı siyasətçilər, iş adamları, jurnalistlər – TAM SİYAHI

Hazırda oxunan: Avropa Birliyinin yeni sanksiyasında olan rusiyalı siyasətçilər, iş adamları, jurnalistlər – TAM SİYAHI

62612

Avropa İttifaqı (Aİ) iş adamları, jurnalistlər, teleaparıcılar və siyasətçilər də daxil olmaqla 26 rusiyalını sanksiya siyahısına daxil edib. Məhdudiyyətlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, sahibkarlar Əlişir Usmanov, Aleksey Mordaşov, İqor Seçin və başqalarına şamil edilib. Bundan əlavə, “Soqaz SC” məhdudiyyətlər altına düşüb. 

Bizim.Media “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda informasiya Aİ-nin rəsmi jurnalında dərc olunub.

Kremlin rəsmi nümayəndəsi, baş nazirin müavini Dmitri Çernışenko ilə yanaşı, Tikinti və Nəqliyyat nazirliklərinin rəhbərləri İrek Fayzullin və Vitali Savelyev, Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak da sanksiyalara məruz qalıb.

Aİ-nin sanksiya siyahısına “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov, “Promsvyazbank”ın sədri Petr Fradko, “Rossiya Bank”ın səhmlərinin sahibi Gennadi Timçenko, “Alfa Group”un həmtəsisçisi Mixail Fridman kimi rusiyalı iş adamları daxildir. Alfa Bank-ın Direktorlar Şurasının sədri Petr Aven, USM holdinqin təsisçisi və ən böyük səhmdarı Əlişir Usmanov, Transneft-in rəhbəri Nikolay Tokarev, Rosneft-in baş icraçı direktoru İqor Seçin, Şeremetyevo hava limanının direktorlar şurasının sədri Aleksandr Ponomarenko da daxil edilib.

Məhdudlaşdırıcı tədbirlərə məruz qalan fiziki və hüquqi şəxslər siyahısına 26 fiziki şəxs və bir qurum əlavə edilib. 

Sanksiya siyahısında rusiyalı mədəniyyət xadimləri və jurnalistlərin də adları var.  Onların arasında “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva, rejissor Tiqran Keosayan, “Regnum” informasiya agentliyinin və “Moskva danışır” radiostansiyasının baş redaktorları Modest Kolerov və Roman Babayan da var.

“RT” və “Rossiya-1” telekanallarında verilişlərin aparıcıları Anton Krasovski və Arkadi Mamontov, yazıçı Zaxar Prilepin və violonçel ifaçısı Sergey Rolduqin də məhdudiyyətin altına düşüb.

Bundan əvvəl Rusiya Jurnalistlər Birliyi söz azadlığının müdafiəsinə qalxaraq mediaya qarşı sanksiyaların aradan qaldırılmasını istəyib. Təşkilat onları qəbuledilməz adlandırıb və işçilərinə qarşı məhdudiyyətlər tətbiq etməməyə çağırıb.

Xatırladaq ki, fevralın 26-da Avropa İttifaqı (Aİ) Rusiya hökumətinin rəsmiləri, o cümlədən prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, baş nazir Mixail Mişustinin də daxil olduğu sanksiyaların ikinci mərhələsini qəbul edib. 
Putin və Lavrova qarşı sanksiyalarla bağlı qərarı ABŞ da verib. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib. O, Rusiya dövlətinin başçısı üçün ABŞ-a giriş qadağasının tətbiq oluna biləcəyini istisna etməyib. Məhdudiyyətlər sonradan Maliyyə Nazirliyi tərəfindən təsdiqlənib.

Onlar Birləşmiş Ştatların yurisdiksiyasındakı aktivlərin bloklanmasını, Amerikanın fiziki və hüquqi şəxsləri üçün onlarla əməliyyatların qadağan edilməsini nəzərdə tutur.

Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbasda xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb. Ukrayna lideri Vladimir Zelenski Ukraynada hərbi vəziyyətin tətbiq olunduğunu və Rusiya tərəfi ilə diplomatik münasibətlərin kəsildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO