Yetim böyüyən Şəhid Tərlanın sevgi HEKAYƏSİ – “Kimsəsiz bir qızın cehizini alıb, toyunu edərik”

Yetim böyüyən Şəhid Tərlanın sevgi HEKAYƏSİ – “Kimsəsiz bir qızın cehizini alıb, toyunu edərik”

Hazırda oxunan: Yetim böyüyən Şəhid Tərlanın sevgi HEKAYƏSİ – “Kimsəsiz bir qızın cehizini alıb, toyunu edərik”

60115

Bu gün Vətən uğrunda öz canından, sevgisindən keçən şəhidlərimiz də bizə bir nümunədir. Biz təkcə şəhidlərimizin qəhrəmanlığını yox, həm də onların əmanət qoyub getdiyi xanımlarının məğrurluğuna, sevgisinə, qüruruna şahidlik etdik. Sevgilərini vətən uğrunda qurban verib, sevgililərini bir ömür qəlblərində yaşatdıqlarını görüb onlardan örnək aldıq.

Sevgisini qurban vermiş şəhidlərimizdən biri də Şəhid Amanaliyev Tərlandır. Onun həyat yoldaşı Ülviyyə Amanaliyeva Bizim.Media-ya hər kəsə örnək olacaq sevgiləri haqqında danışıb.

Onların tanışlığı belə filmlərdəki kimi olub...

“Bizim tanışlığımız uşaqlıq illərinə dayanır. Mən 4-cü sinifdə oxuyarkən sinifin tibb bacısı seçilmişdim. Bir gün məni çağırdılar ki, həyətdə uşaq yıxılıb spirt, yod lazımdır. Həmin yıxılan uşaq sən demə Tərlan imiş. Bunu da qeyd edim ki, Tərlan kiçik yaşlarından anasını itirmişdi. Mən tez əlimdəki ləvazimatlarla qaçaraq ona yaxınlaşdım. Sən demə Tərlan mənim qaçaraq elə gəlişimi görəndə, öz anasını xəyal edib. Elə bilib anası gəlir yaralarını sarımağa və o anda Allaha dua edib ki, məni ona həm həyat yoldaşı, həm də anası kimi taleyinə yazsın. Elə həmin gündən  bizim dostluğumuz başladı, həm də biz bir məhlədə böyümüşük. Tərlan zamanla mənə çox bağlanmışdı. Bir neçə il keçdikdən sonra məni sevdiyin söylədi. Biz münasibətə başladıq.
 

Tərlan mənlə ailə qurmaq istədiyini bildirdi amma hələ onda yaşımız çox az idi. Tərlan məktəbi bitirdikdən sonra əsgərliyə yollanacaqdı. Məni sevdiyini, həmçinin onu gözləməyimi istəyərək onu əsgərliyə yola saldım.


Biz sözümüzü tutduq və o, 2015-ci ildə əsgərliyini başa vurub geri gəldi. 2016-cı ildə nişanlandıq və 2018-ci ildə ailə həyatı qurduq. Tərlanın sevgisinin mükəmməlliyini heç bir söz, cümlə ilə başa sala bilmərəm. Məni öz canından da çox, hətta dünyalar qədər sevirdi”.

Şəhid həyat yoldaşı son sevgililər gününü və telefonla son danışıqlarını belə xatırlayır:

“Son sevgililər günümüzü 2020-ci ildə olub...(ağlayır) O, tək sevgililər günündə yox, hər an, hər saniyə sevgisini bildirirdi. Məni “balacam” deyə çağırardı, əzizləyərdi. Hətta telefonda da adımı elə yazmışdı. Ən son 8 oktyabrda –şəhid olandan 1 gün öncə, hətta saatlar öncə danışmışdıq. Çünki biz gecə danışdıq, o isə sübh namazına yaxın şəhid olubmuş sən demə. Məni şəhid xəbərinə hazırlamırdı nikbin idi, deyirdi 10 günə gələcəm narahat olma. Gəldi amma şəhid kimi...”.
 

Ülviyyə xanım qeyd edir ki, yoldaşı həyatda çox çətinlik çəkdiyi, anasız böyüdüyü üçün ən böyük arzusu onunla birlikdə xeyriyyə işləri görmək idi.


Hazırda şəhid xanımını həyata bağlayan tək səbəb Tərlanın arzularını yerinə yetirməkdir:

“Mənə deyərdi ki, Ülüş evimizi tam tikib qurtaraq mənim kimi bir yetim oğlana toy edərik, onun qızılını alıb, toyunu edərik. Ya da bir yetim qıza cehiz verərik. Mən də o sözləri xatırlayaraq, yenidən ali məktəbə sənədlərimi verdim və 2-ci dəfə tələbə adı qazandım. Tərlanın ruhu qarşısında ona söz verirəm ki, təhsilimi bitirib, çalışıb xeyriyyəçi qadın olub onun etmək istədiklərini, arzularını reallaşdıracağam”.

Qeyd edək ki, Şəhid Amanaliyev Tərlan 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub.

Vətən Müharibəsində Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Səkinə Yusibli, Bizim.Media





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO