Əmlak amnistiyası GƏLİR – “Kimin nəyi varsa, ortalığa çıxacaq”

Əmlak amnistiyası GƏLİR – “Kimin nəyi varsa, ortalığa çıxacaq”

Hazırda oxunan: Əmlak amnistiyası GƏLİR – “Kimin nəyi varsa, ortalığa çıxacaq”

0:00
0:00
59730

Vergi ödəyicilərinə əmlak və kapital amnistiyası veriləcək.

Bu açıqlama ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva çıxış edib. Onun sözlərinə görə amnistiyanın verilməsi şəffaflaşmaya xidmət edəcək:

“Bu günə qədər hər hansı vergi ödəyici tərəfindən bu və ya digər səbəbdən vergitutma obyektləri, təsərrüfat subyektləri, əmlakların gizlədilməsi halları mövcud olubsa, dövlət ortamüddətli dövr ərzində əmlak və kapital amnistiyası verməklə uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsinə şərait yaradacaq islahatları nəzərdən keçirir”.

Maraqlıdır, vergi ödəyicilərinə şamil olunacaq əmlak və kapital amnistiyasının əhəmiyyəti nə olacaq?

Bizim.Media-ya mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov sözügedən amnistiyanın detallarını sadə dildə belə izah edib: 

“Kimin nə əmlakı varsa, o üzə çıxarılacaq və ondan soruşulmayacaq ki, sən əmlakı necə əldə etmisən? Amma bu zaman şəxsdən birdəfəlik vergi tutulacaq. Kim vaxtilə nəyi qamarlayıb və çırpışdırıb, onun sənədini əlinə verəcəklər. Bilirsiz ki, Azərbaycanda zəngin insanların varidatının xeyli hissəsi qeyri-qanuni yollarla əldə ediləndir. Bu gün Azərbaycanın pula ehtiyacı var. Əgər həmin şəxslərə qarşı mübarizə aparsaq ki, o pulları qaytarsınlar, buna xeyli vaxt gedəcək və o kapitallar nəticədə ölkəni tərk edəcək. Bu geniş amnistiyadır və kimin nəyi varsa, ortalığa çıxarılacaq”.

Ekspert vergi amnistiyasının Azərbaycanda bir dəfə tətbiq olunduğunu xatırladıb:

“Vergi ödəyicilərinə təklif olunur ki, onların nə vergi borcları varsa, müəyyən dövrədək ödəsinlər. Ödədikləri təqdirdə həmin vergi borcu üzrə faiz və cərimələrin ödənilməsi onlardan tələb edilməyəcək”.

Əkrəm Həsənov onu da əlavə edib ki, əmlak amnistiyasının tətbiqi üçün ilk növbədə məhkəmə hüquq sistemində köklü islahatların aparılmasına ehtiyac var: 

“Bu ona görə lazmdır ki, insanlar etibar etsin. Yəni birinci məhkəmələrə etimad sistemini qurmaq lazımdır. Onu da qeyd edim ki, əmlak amnistiyasının tətbiqindən sonra məlum olsa ki, kiminsə adına əmlak var və vaxtilə bəyan etməyib, onu ciddi məsuliyyət gözləyəcək. Əmlak amnistiyası sıravi vətəndaşlardan tutmuş məmurlara kimi hər kəsə şamil ediləcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO