“Azəriqaz” sayğac alveri üçün şərait yaradır - FOTO

“Azəriqaz” sayğac alveri üçün şərait yaradır - FOTO

Hazırda oxunan: “Azəriqaz” sayğac alveri üçün şərait yaradır - FOTO

5848

800 manat kimə yığılır, sizinçün 500 manata da edərik – nə deməkdir? 
“Azəriqaz” əməkdaşları adıma olan sayğacın quraşdırılması üçün məndən 800 AZN məbləğində vəsait istəyirlər.

Bunu Bizim.Media-ya Bakı şəhər sakini, Nərminə Tayiz Elman qızı danışıb.

- Evimə qaz verilməsinə dair Nərimanov rayonu Qaz İstismar İdarəsinə müraciət etdim. Bir müddət sonra ünvana və adıma olan qaz sayğacının quraşdırılması üçün məndən 800 (səkkiz yüz) manat istədilər. Bu vəsaiti qanunsuz olduğu üçün vermədim, sayğacı da gəlib heç kim quraşdırmadı.



Şikayətçi, mənzilinin texniki pasportu və çıxarışında onun adına qaz olduğunu bildirir.

- Bundan bir müddət sonra, yenidən Qaz İstismar İdarəsinə sayğac quraşdırılması və qaz verilməsi üçün müraciət etdim. Qaz sayğacının nömrəsi yoxlanıldı, şəxsi mənzilimə aid olduğu təsdiqləndi. Nərimanov rayonunda yerləşən “Azəriqaz Layihə İnşaat” QSC- yə müraciət etdim. Mənə “Azəriqaz Layihə İnşaat” QSC-nin direktoru cənab İ. Qəhrəmanov adına qaz sayğacının quraşdırılmasına köməklik göstərməsinə dair ərizə yazmağı məsləhət gördülər. Mən də ərizəni yazdım.

Sənədi “Azəriqaz”ın işçisi Fərahim adlı şəxs qəbul etdi. Adı çəkilən qurumun işçisi mənzilimə qaz turbasının eyvanadək çəkildiyini və sayğacın evdə quraşdırılmamış halda olduğunu təsdiq etmək üçün baxış keçirdi. Ümidim var idi ki, problemim həll olunacaq. Lakin bu əməkdaş da məndən  qeyri-rəsmi olaraq 800 AZN ödəniş istədi və “çalışarıq” 500 AZN edək dedi.

Şikayətçi Nərmin Tayiz bildirir ki, qaz xətti çəkilib, sayğac var, quraşdırmağa usta da tapmaq olar. Amma bu qadağandır, sayğacı məhz qaz idarəsindən gəlib quraşdırıb, möhür vurmalıdırlar. MTK qaz idarəsinin üstünə, qaz idarəsi isə MTK-nın üstünə atır: 

- 2018-ci ildən bu binada bizim mənzildən başqa bütün evlərdə qaz yanır. Və mənzil sahiblərindən kütləvi şəkildə 500-800 AZN məbləğində pul yığılıb. Qaz idarəsinin işçiləri sakinlərə heç bir kassa çeki də verməyiblər. Qeyd edim ki, MTK müdiriyyəti məndən rəsmi çıxarışı almaq üçün əvvəl 300 AZN istədi, sonra 150 AZN ilə razılaşdıq, bunun üçün mənə  rəsmi maliyyə sənədi də verilmədi.

Araşdırdığımız şikayətlə bağlı “Azəriqaz” İB - nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Bizim.Media –ya  bildirdi ki,  Mənzil Tikinti Koorperativləri tərəfindən inşa olunan yaşayış binalarının qazla təmin olunması “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyəti xaricindədir. Həmin yaşayış binalarında bu işi MTK-nın sifarişi əsasında xüsusi lisenziyası olan podratçı təşkilat tərəfindən aparılır:

-  MTK və aiddiyatı təşkilatlar tərəfindən razılaşdırılmış layihə smeta və texniki icra sənədləri  “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunur. Bundan sonra qazın açılışını müvafiq qaydada  təmin etmək mümkündür. Vətəndaşın şikayət məktubunda qeyd olunan sayğac nömrəsi onun adınadır. Bu nömrə qaz sayğacının “Şəlalə" MTK-da quraşdırılması üçün ayrılıb. Bu da o deməkdir ki, onun sayğacı MTK tərəfindən quraşdırılmalı idi.

Sayğaclar MTK-nın “Azəriqaz” İB ilə bağladığı müqavilə əsasında satın alınır. Onun vətəndaşa hansı qiymətə təklif olunması həmin MTK-nın öz işidir. Çünki, qazlaşma işləri zamanı onun da öz məsrəfləri olur. Biz pulsuz sayğacları, ancaq vətəndaş həyət evi, kənd, qəsəbə, yaşayış  massivlərində yaşayırsa, müvafiq sənəd aldıqdan sonra onlar üçün pulsuz quraşdırırıq. 

MTK- ların qaz çəkilişinə görə, məsrəflərinin nədən ibarət olduğuna isə Ceyhun Səfərov aydınlıq gətirmədi. 

Mənzil tikintisi müəssisələrindən isə qaz, işıq, su çəkilişlərinə razılığın alınması üçün əlavə rüşvət verilməsinin adi hal olduğu bildirilir. Adının çəkilməsini istəməyən MTK sədri qeyd elədi ki, “Guya siz bilmirsiniz ki, torpağın alınmasından sənədləşdirilməsinə, işıq-qaz-su çəkilişlərinin razılığından, çəkilməsinə qədər biz pul tökürük? Bir binanın qazla təmin olunması üçün əlavə 300-400 min manat pul tələb olunur. Bəs, Bakıda yeni mənzillərin qiyməti niyə bu qədər bahadır? Doğru araşdırın, ondan sonra baxın görün bu pullar hara axır?”
Araşdırmamız davam edir.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO