Dünya – üz tutduğumuz qapılarla doludu.
Bəlkə də üzümüzə çırpılan qapılardan,
Üzümüzə açılan qapılar qorxuludu…
Bu nə bəladır, İlahi! Tasrağagün axşam işdən dönəndə gördüm, evdəki zənən tayfası ağlaşır – televizordan iki abituriyentin qəbul imtahanında lazımi nəticə göstərə bilmədiklərinə görə canlarına qıymaları xəbərini eşitmişdilər…
Özünəqəsd mərəzi nə yaman yerikləyib bu millətin qanına, intihar kabusu niyə qara kölgə kimi qaraba-qara izləyir bizləri…? Srağagün Astarada bir gənc xanım, dünən Şamaxıda 13 yaşlı yeniyetmə… öz əlləri ilə ömrünü sonlandırdı. Hər gün 3-4 nəfər bu dünyadakı yaşam missiyasını yarımçıq, yaxınlarının ürəyində dağ qoyub gedir. Belə dəhşətli addımlar, qərarlar müqabilində düzəlirmi lənətə gəlmiş ehtiyac və çatışmazlıqlar, bitib-tükənirmi bezikdirici problemlər, toplanırmı "Medinstitut”da, yaxud "yurfakt”da həm də ödənişsiz təhsil balı…?
Onda belə çıxır ki, mən o zaman S.M.Kirovun adını daşıyan təhsil ocağının yuxarı mərtəbəsindən atlanmalıydım, yaxud qarşıdakı ağaclıqda boğazıma kəndir keçirməliydim…? Bu nə axmaq yanaşma, yanlış düşüncədir?
Belə təfəkkürlə Biləcəridə, ya da Rostovda qarnıma süngü soxmalıydım ki, niyə sovet ordusu məni təhsildə iki il geri atdı…?
Uzun-uzadı sicilləmə yazmaqda niyyətim o qədər də zəngiN olmayan bioqrafik məlumatlarımla sizləri yormaq deyil. Sadəcə, müasir gəncliyə eşitdirmək istəyirəm ki, ay bala, bizlərin də müşküllərimiz, ağrı-acılarımız olub, ac-susuz qalmışıq, ata-ana üstümüzə qışqırıb, lap möhkəm əsəbləşəndə yanımıza çəkib, başqasının paltarını, ayaqqabısını geyinmişik ("Üzüm güldü tələbəyəm deyəndə, sıxılırdım dost pencəyi geyəndə” – N. Kəsəmənli), qız sevmişik, eşq oxumuz daşa dəyib, əzizlərimizi itirmişik… Amma intiharla həyatımıza nöqtə qoymaq heç ağlımızın ucundan da keçməyib. Ona görə ki, ömür payımızın Allahdan olduğuna, lazımi anda onu geri alacağına ("Canı canan diləmiş, verməmək olmaz, ey dil, nə niza eyləyəlim, ol nə sənindir, nə mənim…” – M.Füzuli) inamımız, imanımız vardı. Aləmlərin Rəbbi müqəddəs Qurani-Kərimin Bəqərə surəsinin 195-ci ayəsində buyurur: "…özünüzü öz əlinizlə təhlükəyə atmayın!”
Sosial şəbəkələrdə gənclərin dəfn səhnələrinə, anaların fəryadına, Pənahın babasının müsahibə zamanı ağlamasına, Faiqin canını tapşırdığı yerə düzülən qərənfillərə baxanda, vallah, adamın ürəyi parça-parça olur. Hər ikisi ailənin tək övladı, hər ikisini ana zülmlə, əzab-əziyyətlə böyüdüb boya-başa çatdırıb… Həm də ona görə ki, yaşlananda, əl-ayaqları yerə çatmayanda qulluğunda dursunlar, öləndə tabutlarını çiyinlərinə götürsünlər… Bu kişilikdəndirmi, oğlum, siz ki onların olub-qalan ömrünü də yerlə-yeksan elədiz…!
Nə üçün indiki cavanlar baş tutmayan hər hansı işdə İlahi təqdiri, məsləhəti gözə almırlar? Axı məsələn, məşum ADNA terrorunda qətlə yetirilən gənclərin valideynləri onların ümumiyyətlə tələbə adı qazanmamalarından ötrü nələrindən keçməzdilər? Yaxud Rusiya səfirliyi qarşısında dağılan, Binəqədidə yanan binalarda əzizlərini itirənlər həmin mənzillərin lap əzəldən onlara qismət olmaması üçün hansı duaları edərdilər?
Bəli, dünya, yaradılış ibrətlər, qəribəliklər, hikmətlərlə doludur, çətinlikləri, hədəfə aparan eniş-yoxuşlu, kələ-kötür yolları ilə şirindir, maraqlıdır. Şəhidlər sərvəri İmam Hüseynin (ə) təbirincə, bir məqamı unutmayaq ki, "həyat əqidə uğrunda mübarizədən ibarətdir.” Çalışaq, çarpışaq, mücadilə verək, müqavimət göstərək…!
İllərlə ekran-efirində iyrənc konçitalara, pedrolara, falçılara, fahişələrə, düşük ekspertlərə, dedi-qoduya gen-bol yer ayıran radio-televiziyalarımız niyə maarifçilik missiyasını tamamilə unudub? Savadlı din adamlarını, eybi yox, lap senzuradan keçənləri çağırıb yarım saatlıq verilişlər hazırlamaq olmazmı?!
Əzizlərim, qardaşlarım, bacılarım! İntihar çıxış yolu sayılmaz, ən tutarlı səbəblər belə, bu dəhşətli əmələ haqq qazandırmır. Mənim dini bilgilərim elə də güclü deyil, bilirsiz ki, müxtəlif vəziyyətlərdən (cinsi yaxınlıq, meyitə toxunmaq və sair) sonra insanlar qüsl almalı, paklanmalıdırlar. Gör, Haqq-Təalanın nəzərində necə ağır, bəyənilməz əməllərdəndir ki, intihar edənin cansız vücuduna baxanın da boynuna qüsl gəlir…
Vətənə, xalqa, insanlığa məhəbbətimdən dolayı, sizlərə üz tutub xahiş edirəm, yalvarıram, özünüzü bədbəxtlik uçurumuna yuvarlamayın, doğmalarınızı gözüyaşlı qoymayın!
Qurban CƏBRAYIL