Azərbaycan Ukrayna və Rusiyadan torpaq ALIB? - AÇIQLAMA

Azərbaycan Ukrayna və Rusiyadan torpaq ALIB? - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan Ukrayna və Rusiyadan torpaq ALIB? - AÇIQLAMA

55232

Milli Məclisin deputatı Vahid Əhmədov buğda təminatı ilə bağlı açıqlamasında Azərbaycanın taxıl əkmək üçün bəzi dövlətlərdə torpaq ehtiyatlarının olduğunu bildirib. Deputat həmçinin Azərbaycan hökumətinin həmin dövlətlərlə müqavilə bağlayaraq onlardan icarəyə torpaq götürüb taxıl əkiminə başlamaq istəyində olduğunu da vurğulayıb. 

Vahid Əhmədov Azərbaycanın buğda ehtiyatı ilə bağlı rəqəmlərin o qədər də yüksək olmadığını deyib. Amma Azərbaycanın işğaldan azad edilən ərazilərdə, digər bölgələrində, eləcə də bəzi dövlətlərdə olan torpaq ehtiyatlarında məhsuldarlığın yüksələcəyini qeyd edib. 

Maraqlıdır, torpaq ehtiyatlarımız nə qədərdir və hansı ölkələrdədir? 

Bizim.Media-ya məsələ ilə bağlı danışan millət vəkili Vahid Əhmədov ölkələrin adını açıqlamaq istəmədiyini bildirib:

“Ölkələrin adlarını deyə bilməyəcəyəm. Hələki o məsələ sona çatdırılmayıb. İş gedir... Nə vaxt başa çatdırılsa, hökumət özü bu barədə məlumat verəcək”.  

İqtisadçı-ekspert Akif Nəsirli Azərbaycanın hansı ölkələrdə icarəyə torpaq götürməsi, harada taxıl əkəcəyi ilə bağlı məlumata sahib olmadığını desə də, ehtimal kimi Rusiya və Ukraynanın adını çəkib:

“Qazaxıstanı ehtimal etmirəm. Çünki bu ölkə özü taxıl sahələrini məhdudlaşdırır. İstiqamətini dəyişmək siyasətini götürüb və taxılçılığı azaldır. İnanmıram ki, Qazaxıstan Azərbayacana torpaq icarəyə versin. Amma Rusiya və Ukrayna ola bilər. Məsələn Ukraynada geniş torpaq sahələri var və orada investisiya çatışmazlığından əkə bilmirlər. Bunlar hamısı ehtimallardır. Hər halda hökumət bunu xalqa açıqlayacaq”.

İqtisadçı hesab edir ki, Azərbaycanın buğda istehsalını genişləndirməkdən ötrü heç bir xarici ölkədən torpaq icarəyə götürməyə ehtiyac yoxdur:

“Sadəcə olaraq ölkə daxilində potensialı reallaşdırmaq lazımdır. Sovetlər dönəmində Azərbaycan tam şəkildə ərzaq buğdasına olan tələbatı ödəyirdi. Həmin potensialı reallaşdırsalar, məqbul olar. Niyə əlavə olaraq başqa ölkəyə torpaq icarə haqqı verək? Bu gün Azərbaycanda istehsal olunan pambığı heç dünya bazarında sata bilmirik. Pambıq sahələrini ləğv etsinlər, yerində taxıl əskinlər. İşğal olunmuş ərazilərdə artıq taxıl əkininə başlayıblar. Fikrimcə, daha çox ölkə daxilində kənd təsərrüfatını hərtərəfli şəkildə stimullaşdırmaq lazımdır”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO