“Vətən müharibəsindən çox qısa zaman keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda böyük sürətlə, həvəslə quruculuq işləri gedir. 30 il Vətən, doğma ata-baba ocağının həsrəti ilə yaşayan insanlar tezliklə öz evlərinə qayıdacaq”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hicran Hüseynova deyib.
MÖVZU İLƏ BAĞLI:
Hicran Hüseynova məsələni KONKRET qoydu: “Azərbaycan kişiləri maarifləndirilməlidir”
O, 2022-ci il üçün gözlətilərindən də söz açıb:
"Mən hadisələrə çox nikbin yanaşıram. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət tək məndə deyil, hər bir vətəndaşda bu inamı yaradıb. Bu gün hansı sahəyə baxsaq, orada bir inkişaf, irəliləyiş müşahidə edirik. Vətən müharibəsindən çox qısa zaman keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda böyük sürətlə, həvəslə quruculuq işləri gedir. 30 il Vətən, doğma ata-baba ocağının həsrəti ilə yaşayan insanlar tezliklə öz evlərinə qayıdacaq.
Xalqımız Azərbaycanın tarixi, qədim diyarına gedəcək, orada müxtəlif mədəni, elmi tədbirlər keçirəcəkdir. Bütün bunlar ölkə başçısının, xalqımızın iradəsi, iqtisadi potensialımızın gücündən xəbər verir”.
Hicran Hüseynova bildirib ki, bu müqəddəs işdə hər birimiz öz məsuliyyətimizi dərk etməli, Vətənimizin inkişafı naminə öz töhfəmizi verməliyik:
“Qarşımızda həllini gözləyən tarixi məsələlər var və 2022-ci ildə bizi daha yeni nailiyyətlər gözləyir. Fürsətdən istifadə edib, bütün soydaşlarımızı təbrik edir, hər birinə möhkəm can sağlığı, işlərində uğurlar, ailələrinə səadət, xoşbəxtlik arzulayıram”.
Səkinə Yusibli, Bizim.Media