Sərt karantin rejimi ilə əlaqədar olaraq şəhərin giriş-çıxışlarında, inzibati əraziyə düşən küçə və prospektlərdə yoxlanışların operativ olmağı üçün stasionar və mobil postlar qurulub. Lakin buna baxmayaraq post qurulan yollarda hərəkət iştirakçıları yoxlandığı üçün sıxlıq yaranır. Nəticədə sərnişinlər ünvana çatmaqda gecikirlər.
Xüsusi sms-lə çıxanlar isə tələb olunan vaxt ərzində mənzil başına çatmaqda daha çox çətinlik çəkirlər.
Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Bizim.Media-ya verdiyi açıqlamasında bildirdi ki, sərtləşdirilmiş karantin müddətində hərəkət iştirakçıları yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilən məhdudiyyətlər çərçivəsində idarə etməlidir:
“Sürücülər bu müddətdə yolun hərəkət hissəsində operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin, ictimai nəqliyyat üçün nəzərdə tutulan sağ zolağa keçməsinlər. Yoxlanılan sürücülərin sözügedən nəqliyyat vasitələri üçün ayrılan zolağa çıxması yollarda ləngimə yaradır”.
DİN rəsmisi onu da əlavə etdi ki, naryad qrupları tərəfindən sıxlığın qarşısını almaq üçün bütün mümkün işlər həyata keçirilir. Lazım gələrsə, naryad sayının artırılması da nəzərdə tutulub:
“Vətəndaşlardan xahişimiz odur ki, mövcud vəziyyəti nəzərə alıb intizam nümayiş etdirsinlər və lazım olmadıqca, şəxsi minik vasitələrindən istifadəni azltsınlar”.
Gülşanə Mustafayeva, Bizim.Media