“Milli Məclisdə çıxışımda da qeyd eləmişəm, bu qanun (Media haqqında) dövrün tələblərinə cavab verən klassik media da daxil olmaqla sosial media və internet mediasını tənzimləyən bir qanundur”.
Açıqlamasına belə başlayan millət vəkili Etibar Əliyev qanun haqqında gedən müzakirələrdən də bəhs edib. Bizim.Media-ya özəl açıqlamasında deputat bildirib ki, qanuna elə də ciddi iradlar tutulmayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu il MƏTBUAT KATİBLƏRİ necə yadda qaldı? – ARAŞDIRMA
Yəni, qanunda söz azadlığı, jurnalist sərbəstliyinə ciddi məhdudiyyətin qoyulması kimi hallar yoxdur.
Sualımız isə ondan ibarət idi ki, Media haqqında qanun və dekabrın 28-də Ata Abdullayevin 7 il həbs cəzasına məhkum edilməsi Azərbaycanda “reket jurnalistikası”nın sonuna işarədirmi?
“Çəkdiyiniz misal çox haqlıdır. Qanun qüvvəyə minəcəksə, jurnalist reysteri formalaşacaq. Amma indiyə qədər Ata Abdullayev kimi özünü bloger, jurnalist elan edən yüzlərlə şəxs var.
Jurnalist niyə attestasiya olunmasın?
Bəzi adamlar belə deyir və burada maraqlı bir məqam var. Jurnalistlərin böyük kəsimi bu ixtisasa sahib olmayanlardır. Nə vaxtsa jurnalistikaya gəliblər və biz heç nə demirik. Çünki onların arasında peşəkarlar da var. Amma müəllimin, həkimin biliyi yoxlanılırsa, cəmiyyət üçün həssas olan təbəqənin – jurnalistlərin bilikləri niyə yoxlanılmasın? Əksinə bu, onlar üçün əhəmiyyətli məsələdir.
Bir məsləni də qeyd edim ki, istənilən sayt, qəzet qeyri-məhdud formada (sayı müəyyən olunmayan qədər) insanlara jurnalist vəsiqəsi verir.
Bunun isə bir hissəsi reketçiliyə gətirir. “Reket jurnalistikası” anlayışı bəlkə də dünyanın bir neçə ölkəsində işlənir. Həmin ölkələrdən biri də Azərbaycandır. İstənilən adama jurnalist vəsiqəsinin paylanması ilə belə bir vəziyyətə gəlib çıxmışıq.
İnsanları təhdid, məmurları şantaj edirlər.
Nə qədər jurnalist həbs oluna bilər?
Bunlar bir qanunla tənzimlənməlidir. Düşünürəm ki, Media haqqında qanun sadalanan boşluqların doldurulmasına hesablanmış bir qanundur”.
Bizim.Media